Yevlaxda əlil vətəndaş özünü yandırdı

Yevlaxda əlil vətəndaş özünü yandırdı
  28 Yanvar 2014    Oxunub:1534
AzVision.az xəbər verir ki, Yevlax şəhər sakini Nizami Kərimov Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qarşısında özünü yandırıb. N.Kərimov hazırda Yevlax şəhər xəstəxanasının reanimasiyadadır və vəziyyəti orta ağırdır. N.Kərimovun sosial yardım almaq üçün rayon Sosial Müdafiə Mərkəzinə müraciət etsə də yardım pulunu ala bilmədiyindən özünü yandırdığı bildirilir. Onun 3 uşağı var. Qardaşı Fəxrəddin Yusif oğlu Kərimov Qarabağda şəhid olub. Xəstəxanadan bildirdilər ki, N.Kərimovun vəziyyəti çox ağırdır və o, qətiyyən danışa bilmir.

“Yeni Müsavat”a daxil olan məlumata görə özünü yandıran N.Kərimovun müalicəsi üçün Bakıdakı 5 saylı şəhər klinik xəstəxanasından həkim qrupu göndərilib. N.Kərimovun vəziyyəti ağır olduğundan o, danışa bilmir. Virtualaz.org-un məlumatına görə Yevlax rayon icra hakimiyyətinin başçısı və polis şöbəsinin əməkdaşları da xəstənin yanına gedib. İcra başçısı Qoca Səmədov mətbuata açıqlamasında qəribə sözlər danışıb. O bildirib ki, özünü yandıran əlil müstəntiqin suallarını cavablandırmaqdan imtina edib: “Müstəntiq Nizami Kərimovdan özünəqəsdin səbəbini soruşsa da o heç bir açıqlama vermək istəmədi. Bundan başqa, onun həm psixoloji problemləri var, həm də spirtli içki qəbul edir. Elə bu kimi səbəbləri nəzərə alaraq məsələni nəzarətdə saxlayırıq və lazımi araşdırmalar aparılır”.

İcra başçısı həmçinin bildirib ki, Nizami Kərimov 2013-cü il, oktyabrın 1-nə kimi sosial yardım alıb. Lakin aparılan araşdırma nəticəsində məlum olub ki, sözügedən şəxsin nəinki sosial vəziyyəti yaxşıdır, hətta şəxsi maşını da var. Elə bu səbəbdən də N.Kərimova verilən sosial yardım dayandırılıb. İcra başçısı əlilin özünü yandırmasına səbəb kimi göstərilən məsələni - Sosial Müdafiə Mərkəzi əməkdaşlarının yardımı mənimsəməyə çalışması iddiasını təkzib etməyə çalışaraq bunu “fərziyyə” adlandırıb.

Özünü yandıran N.Kərimovun bacısı Rəbiyyə Kərimova bildirib ki, digər qardaşı da Qarabağda şəhid olub: "Nizami kasıb adamdır. Üç övlad atasıdır. Sosial Müdafiə Mərkəzinə müavinət üçün müraciət etmişdi. Ordan ona deyiblər ki, müavinətin ilk altı ayının pulu bizə çatacaq, sonra isə sən almağa başlayacaqsan. Nizami isə onlara deyib ki, yox, mənə təcili olaraq pul lazımdı. Xeyri olmayıb. Buna görə də o əsəbiləşib və özünü yandırıb. Onu da deyim ki, bizim qardaşımız Fəxrəddin Qarabağ döyüşlərində şəhid olub. İndi də Nizami belə oldu. Həkimlə danışdıq, dedi ki, o, ikinci dərəcəli yanıq xəsarəti alıb. Yaşayıb-yaşamayacağı belə sual altındadır”.

Məsələni araşdırmaq üçün Bakıdan Yevlaxa tərkibində yüksək vəzifəli şəxslər olan qrup da göndərilib.

N.Kərimovun özünü yandırmasına münasibət bildirən “Qarabağ qaziləri” İctimai Birliyi mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu son bir ay ərzində Qarabağ qazilərinin problemləri ilə bağlı xeyli sayda şikayətlər aldıqlarını artıq ictimai birlik olaraq bu yükün altından qalxa bilmədiklərini və dövlət strukturlarının - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin bu işə dəstək olmalarının vacib olduğunu söylədi. R.Kərimoğlu N.Kərimovun özünü yandırması həddinə gətirilib çatdırılmasının dövlət idarələrinin əlillərlə, Qarabağ qaziləri ilə işləməsində, onlara diqqət göstərməsində ciddi problemlərin olduğunu vurğuladı.

“Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşdüyünü, onların təkliflərini dinlədiyini deyir. Açıqlasınlar görək, kiminlə görüşüblər, kimin şikayətlərini dinləyiblər ” - deyə R.Kərimoğlu öz narazılığını dilə gətirib.

Məsələ ilə bağlı Yevlax Rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.


Teqlər:





Xəbər lenti