Kütləviləşən və kütləşdirən ekspertlər
Bütün dünyada olduğu kimi, Azərbaycanda da online saytlar sürətlə artmaqda və inkişaf etməkdədir. Həmçinin sosial şəbəkələrdə iştirak getdikcə kütləviləşir, insanlar informasiyalarını, fikir və mövqelərini, oxuduqları xəbər və məqalələri bölüşməkdə indiyədək rast gəlinmyən dərəcədə böyük imkanlar qazanıb. İndiki informasiya əsrində ölkəmizlə bağlı bu durumun, internetə və sosial şəbəkələrə çıxışın olduqca müsbət tendensya yaratdığını demək olar. Amma burada bəzi neqativ nüansları nəzərə almamaq da olmaz...
Belələri, Azərbaycan tarixi, etnogenez, ideologiya, türkçülük, turançılıq və sair məsələlərlə bağlı ağıllarına və ağızlarına gələnləri yaymaqda olduqca böyük imkanlar qazanıblar. Bu baxımdan saytlar və sosial şəbəkələr həmin “ekspert”lərin reklamı və “nəzəriyyələrinin” yayılması üçün əvəzolunmaz vasitələrə çevriliblər. Təbii ki, internetdən, sosial şəbəkələrdən yararlananların böyük çoxluğunun təhsil, tarixi-kulturoloji bilgilər baxımından bitkin və informasiyalı olmadığını da bu baxımdan nəzərə almaq lazımdır. Belə hallarda isə həmin “ekspertlər” internet vasitəsilə kütləyə daha asan bir şəkildə qəbul etdirilirlər.
İnternet ondan istifadə edən informasyasız kütlə vasitəsilə bu cür “ekspertlərin” istehsalını böyük sürətlə reallaşdırmaqdadır. Bəllidir ki, informasiyanın bolluğu, hələ bu bolluqda informasiyaların hər birinin düzlüyü demək deyil. Bu baxımdan, internetdən istifadə edən informasiyasız kütlənin “ekspertlərin” cəfəng müddəalarının kütləvi daşıyıcılarına çevrilməsi isə arzuolunan deyil. Çünki bu hal nəinki tarixi-ideoloji məsələlər, hətta bugünkü Azərbaycan həqiqətləri, mədəniyyəti, dəyərləri barədə internet istifadəçilərində düzgün, normal biliklərin formalaşmasına böyük maneçilik törədir.
Bir çox xəbər saytları və portallar isə elm, tarix, ideologiya barədə “ekspertlərin” təqdimatında ifrat yalan, diletant məlumatlarla çıxış edirlər. Saytlar imic, ictimai məsuliyyət kimi məsələləri bir kənara atıb, bəzən də sensasiya xatirinə bunu edirlər. Halbuki, normal halda elmdə hər hansı bir sensasiyanın arxasında müəyyən əsaslandırıcı müddəalar dayanmalıdır ki, bizim “ekspertlər”in də həmin əsaslandırıcı müddəalarla çıxış etmək bacarığı hələ ki, özünü göstərə bilmir. Beləliklə, bu cür hallar ona gətirib çıxarıb ki, “ekspertlər” internet vasitəsilə cəmiyyətin informasiyasız, təhsil səviyyəsi aşağı olan hissəsinin daha da savadsızlaşmasına səbəb olurlar, dünyagörüşü olmayan insanlar bu “ekspert”lərin təsiri altına düşür.
Bütün qeyd edilənlər göstərir ki, ciddi xəbər daşıyıcısı kimi şıxış etmək iddiasında olan, imicini qorumağa çalışan saytlar sözügedən “ekspertlərdən” və onların cəfəng müddəalarından, mülahizələrindən uzaq olmalı, onlara yer ayırmamalıdırlar. Əksinə, bu cür “ekspertlərin” hər bir fikrinə qarşı əsl ekspertlərdən(təəssüf ki, onların da sayı hazırda çox azdır) fikirlər öyrənilməli və işıqlandırılmalıdır.
Həmçinin sosial şəbəkələrdə tariximizə, mədəniyyətimizə, ideologiya məsələlərinə aid çoxlu düzgün maarifləndirici qruplar yaradılmalı, bu cür qruplar olduqca aktiv fəaliyyət göstərməlidirlər ki, sosial şəbəkələrdən istifadə edənlərin tarix, mədəniyyət, dəyərlər, ideologiya baxımından bilikləri, kulturoloji səviyyəsi yüksəlsin...
Teqlər: