Azərbaycanın ən yaşlı insanları harada yaşayır?

Azərbaycanın ən yaşlı insanları harada yaşayır?
  27 Yanvar 2014    Oxunub:7692
Azərbaycanda uzunömürlülüyün (yaşı 90-ı ötmüş şəxslər uzunömürlü hesab edilir) fizioloji əsaslarının öyrənilməsi ilə bağlı aparılan son tədqiqatlar zamanı ölkənin cənub rayonlarında uzunömürlü kişilərin sayının qadınlardan daha çox olduğu məlum olub.
Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, uzunömürlülüyün öyrənilməsi məqsədilə son tədqiqatlar Lerik, Astara və Lənkəranda aparılıb.

Dünyada, o cümlədən Azərbaycanda uzunömürlü insanların əksəriyyəti qadınlar olsa da, həmin üç rayonda aparılmış tədqiqatların nəticələrinə görə, Lerik, Astara və Lənkəranda qadınlarla müqayisədə uzunömürlü kişilərin sayı çoxdur.

Tədqiqatın nəticəsinə görə, Lerikdə uzunömürlülüklə bağlı vəziyyət daha yaxşıdır. Orada uzunömürlülər sağlamlıq durumu, xüsusilə, beyinlərinin fəaliyyətinə görə üstündürlər.

Lerikdə aparılan tədqiqatların nəticələrinə görə, bu rayonda 20 uzunömürlü şəxsdən 12-si kişidir: "Qəbul edilmiş prinsipə görə qadınlar kişilərdən daha çox uzunömürlü olurlar. Başqa rayonlarda tədqiqat aparılanda uzunömürlülər arasında qadınların sayı daha çox olurdu. Ancaq cənub rayonlarında uzunömürlü kişilərin sayının artması həmin rayonlarda kişilərə göstərilən münasibət, mentalitetlə bağlıdır".
Uzunömürlülüyün fizioloji əsaslarının öyrənilməsi 3 model üzrə - eyni zonanın dağlıq, dağətəyi və aran əraziləri üzrə aparılır və bu zaman fərqli nəticələr əldə edilir.

Lənkəranın dağlıq ərazilərində yaşayan uzunömürlülərin sağlıq durumu ilə sahilyanı kəndlərdə yaşayan uzunömürlülərin sağlıq durumu arasında ciddi fərqlərin olduğu üzə çıxıb. Dağlıq ərazilərdə yaşayan uzunömürlülərə nisbətən ondan aşağı ərazidə yaşayanlar daha aktiv, sağlam olurlar. Onların xüsusilə görmə, eşitmə orqanlarında fərqlər olur. Lerikdəki uzunömürlülər yaxşı görür və eşidirlər, onların yaddaşları da çox möhkəmdir.

Tədqiqatlar zamanı çox uşaq dünyaya gətirən qadınların ömrünün uzun olması ilə bağlı səslənən fikirlər də müəyyən dərəcədə öz təsdiqini tapmayıb. Çünki az, hətta 1 uşağı olan qadının da uzunömürlü olduğu üzə çıxıb: "Adətən, belə qəbul olunub ki, qadınlar nə qədər çox uşaq dünyaya gətirirlərsə, bir o qədər çox uzunömürlü olurlar. Ancaq bu, səhv fikirdir. Çünki qadın hər dəfə uşaq dünyaya gətirdikcə orqanizmin potensialı tükənir. Cənub bölgəsində də çoxuşaqlılıq geniş yayılıb. Bu çoxuşaqlılıq yəqin ki, qadınlar arasında uzunömürlülərin sayını azaldıb. Çoxuşaqlılığın özünün də qadınların uzun yaşamasına təsiri var. Ona görə də çənub bölgəsində uzunömürlülük kişilərdə daha çoxdur".

Akademiyadan bildirilib ki, uzunömürlülüklə bağlı Yardımlı, Masallı, Cəlilabadda və şimal rayonlarında yeni tədqiqatların aparılması nəzərdə tutulur. Ölkənin şimal-qərb hissəsində indiyədək aparılan tədqiqatlar zamanı məlum olub ki, İsmayıllı, Qəbələ, Qax, Zaqatala, Şəki rayonlarında çoxuşaqlılıq olmasa da, orada az sayda uşağı olan qadınlar arasında da uzunömürlü olanlar var. Həmin rayonlarda uzunömürlü qadınların 2-3 uşağı olub.

Ümumilikdə indiyədək aparılan tədqiqatların nəticələrinə əsasən, Böyük Qafqazda uzunömürlülərin sayı 100-ə çatmır, Talış dağlarında və Kişik Qafqazda isə yaşı 100-ü keçən uzunömürlülərin sayı çox olur.

Tədqiqat nəticəsində bu qənaətə gəlinib ki, uzunömürlülüyün şərtlərini bir qaydalar çərçivəsinə sığışdırmaq qeyri-mümkündür. Çünki hər bölgənin və coğrafi zonanın özünəməxsus uzunömürlülük xüsusiyyətləri var.

AzVision.az


Teqlər:





Xəbər lenti