Otellərdəki xidmətlə bağlı yeni standart təsdiq edildi

Otellərdəki xidmətlə bağlı yeni standart təsdiq edildi
  24 Yanvar 2014    Oxunub:1362
“Xilasedici jiletlər. Texniki şərtlər”, “Qida əlavələri”, “Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər” dövlət standartları təsdiq edilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Komitə tərəfindən AZS 755-2014 “Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər”, AZS 756-2014 “Xilasedici jiletlər. Texniki şərtlər”, AZS CODEX STAN 192-2014 “Qida əlavələri” dövlət standartları təsdiq edilib.

AZS 755-2014 “Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər” dövlət standartı yerləşdirmə vasitələrində turistlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin təmini və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, yerləşdirmə vasitələrində çalışan işçilərin peşə səviyyəsinin artırılması məqsədilə qəbul edilib. Normativ sənəddə mehmanxanaların tipləri, mehmanxana və yerləşdirmə vasitələrinin minimal tələblərə uyğunluğunun qiymətləndirmə sisteminin təşkili, mehmanxana və bərabər tutulan yerləşdirmə vasitələrində yoxlamaların keçirilmə qaydaları haqqında tələblər mövcuddur.

AZS 756-2014 “Xilasedici jiletlər. Texniki şərtlər” dövlət standartı gəmilərdə, üzən vasitələrdə və sahil məntəqələrində istifadə edilən elastik doldurucu mexanizminə malik xilasedici jiletlərə şamil edilir. Bu standart “Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli Beynəlxalq Konvensiya”nın III qaydasının tələblərinə uyğun hazırlanıb. Normativ sənəddə xilasedici jiletlərin əsas ölçüləri, texniki tələblər, sınaq üsulları, markalanma, qablaşdırma, daşınma və saxlanma haqqında informasiyalar mövcuddur.

AZS CODEX STAN 192-2014 “Qida əlavələri” dövlət standartı beynəlxalq CODEX STAN 192-1995 “Codex General Standart for Additives” standartı əsasında hazırlanmışdır. Standarta yalnız yolveriləbilən sutkalıq istifadəsi təyin edilib, Qida Əlavələri üzrə Birləşmiş FAO/WHO Ekspertlər Komitəsi (JECFA) tərəfindən təhlükəsiz hesab edilən və Beynəlxalq Rəqəm Sistemi (İNS) tərəfindən nömrə verilmiş qida əlavələri daxil edilib. Normativ sənəddə qida əlavələrinin istifadəsinin ümumi prinsipləri, qida əlavələrinin qida məhsullarına daxil edilməsi, qida məhsullarının kateqoriyaları sistemi haqqında informasiyalar yer alıb.


Teqlər:





Xəbər lenti