Vətənpərvərlik və dinpərvərlik xoru

Vətənpərvərlik və dinpərvərlik xoru
  23 Yanvar 2014    Oxunub:2113
Fazil MUSTAFA

Öz leksikonunda başqalarından fərqləndiklərini göstərmək üçün zorba bir hakimiyyətn qabağında guya duruş gətirdiklərini iddia edənlər nədənsə özlərini inandırdıqları obrazla cəmiyyətin küyü, qışqırığı qarşısında durmağa cəsarət etmirlər.
Xısın-xısın arxa bucaqlarda hansısa görüşlərin haqlılığını söyləyənlər nədənsə cəmiyyətin qarşısında linç edilməsi düşünülən insanları müdafiə etməkdən çəkinirlər. Çünki hakimiyyətlə mübarizədə qorunacaq mexanizmlər, beynəlxalq təşkilatlar, səfirliklər yetərincədir. Ancaq cəmiyyətlə mübarizədə bir qaragüruh dalğasının qarşısında kimsə yem olmaq istəmir.

Belə bir sərbəst ortamda bu gün siyasi səhnədən sıxışdırılmış, ifadə azadlığı məhdud olan çoxluğun içindəki kin başqalarının mühakiməsini, xora uyuşmayan fikirlərini nə yolla olursa-olsun, susdurmağa yönəlir. Halbuki bu gün Azərbaycana ancaq və ancaq fərqli solo çıxışlar, yazılar, mövqelər lazımdır ki, düşdüyümüz bu sükunətdən hərəkət yarada bilək. Bizim düşüncədə olmasın, üslubunu xoşlamayaq, təki istedad, yeni və fərqli yanaşma olsun, onun yazdıqlarını öz həyatında yaşama, oxumağı başqalarına tövsiyə etmə, qarşısına öz doğru hesab etdiyin fikirləri çıxar, ancaq susdurma ki, istedadlılarının sayı çox olmayan bu cəmiyyətin düşüncə rəngarəngliyi yaransın.

Son günlərin xronikasında yer alan çıxışların, yazıların qarşısına çıxılan forma iyirmi-iyirmi beş il öncəki eyni formadır, sadəcə, çığıranların fərqli kimlikləri və fərqli statusları nəzərə çarpır. Zərdüşt Əlizadə bir ifadə işlədib: “20 Yanvarda ölənlərin bir qismi şəhid sayılmaz!” Hə, nə olsun! Şəhidliyi müəyyənləşdirən ali instansiya Allahdır, indi siz fərqli bir fikri susdurmaq üçün Allahın verdiyi səlahiyyətləri mənimsəyib cavab verməlisiniz ki, belə sözü dilinə gətirmə? Bizim insan dəyərləndirməmiz şəhidlik tanıtımı üçün yetərli deyil, o halda bir düşüncə sahibinin burada günahsız qurbanlarla şəhidləri ayırması niyə günah sayılmalıdır? Məsələn, mənim nəzərimdə Ülvi Bünyadzadə şəhiddir, niyyəti qəbrinə köçürülmüş andında yazılıb. Burada uyuyan onlarla tanımadığım, görmədiyim insan da bu niyyətlə küçəyə çıxıb düşmənə müqavimət göstərə bilər - şəhid olaraq tanımamızda bir problem yoxdur ki? Qarabağ savaşında da həlak olanlara eyni yanaşma labüddür, Allah qatında kimin şəhid sayıldığını biz bilmirik, ancaq mövcud məkanın və zamanın Azərbaycan vətəni kateqoriyası içində yer alan bir insan kimi vətəni qorumaq niyyəti ilə savaşa yollanan şəhidlərlə, qazilərlə başqa günahsız qurbanları eyni statusda götürməmiz nə dərəcədə ədalətli sayıla bilər?

Ən dəhşətlisi də odur ki, bir fikri çək-çevir etmədən dərhal şərlə, söyüşlə, təhqirlə susdurma kampaniyası başladılır. Zərdüşt Əlizadənin bir sıra baxışları ilə razılaşmadığım olub, bu o demək deyil ki, mütləq mənada mənim düşündüklərim doğrudur. Xalq Cəbhəsi yarananda da maraqlı və fərqli fikirlər səsləndirirdi, o zaman da “Koroğlu” üverturasının “vurdu-yıxdı” xoru ilə səsini batırırdıq, öz fikrini bir tərəfə buraxıb, anasından başlayıb atasında qurtarırdıq.

Dünyada ən əcaib səslər gələn xor bəlkə də bizdədir. Rafiq Tağını müzakirə etmədik, susdurduq, sonra da öldürdük. Günel Mövludun yazısına da qəzəbi anlaya bilmədim. Görüşlərini, üslubunu, ifadə tərzini bəyənib-bəyənməyə bilərsiniz, adam sizsiz də yazacağını yazacaq - niyə müzakirə etmədən susdurursunuz? “Müsəlman leksikonu” təbii ki, abartılıdır, əslində bu, elə Azərbaycan cəmiyyətinin əksəriyyətinin ənənəvi leksikonudur. Ancaq bu ədəbsiz saydığımız ifadələri ilk olaraq işlətməməsi vacib olan təbəqə məhz özünü mömin deyə tələffüz edən insanlar olmalıdırsa, bu xatırlatmanı hətta pis niyyətlə və üslubla sizlərə çatdırırlarsa, bu yanlışları düzəltmək doğru olmazmı?

Rus cəmiyyətində də addımbaşı söyüş var, həm də təpədən-dırnağa bir yer qalmır. Türkiyədə də bu gün Günel Mövludun işlətdiyi ifadələri ən mədəni söhbət mühitində eşidə bilərsiniz. Bunlar heç bir cəmiyyətdə faciəli qarşılanmır. Faciəli qarşılanan məqam əslində müraciətdə, söhbətdə zərafət üslubunun olmamasıdır. Azərbaycanda məişətdə də, siyasətdə də, sənət mühitində də, efir məkanında da, qadınla, yaşlı ilə, uşaqla danışıq üslubunda buna çox az rast gələrsiniz. Rusiyada hər bir sözün önündə “Buyurun!”, “Zəhmət olmasa!”, “Bağışlayın!” eşidəndə bu zərafətin nə olduğunu anlayırıq, Türkiyədə siyasətçinin savaşdığı şəxsə belə “Sayın” deyə müraciətlə başlamasında, qızın anasına əsəbi formada belə “Əfəndim, annə”, yaxud da ananın uşağına “Yavrum!” deyə nəcib üslubda yanaşmasında bu zərafəti görürsünüz.

Təbii ki, bizdə də var, ancaq məişət ritorikamızın dəhşətli fraqmentlərini xatırlatsam, heç də xoş mənzərə alınmaz. Bir dəfə bir neçə ziyalı ilə İstanbulda hava limanından taksidə şəhərə gedirdik. İçəridə Bakıya zəng edən dostumuz öz köməkçisi ilə danışmalı oldu. Köməkçisinə işlətdiyi ifadəni indi də xatırlayıram: “Az, sən nə qanmaz adamsan, cəhənnəm ol o sənədi tez ora çatdır”. Bu zaman üstünlük verilən yolda bilmədən bizim taksinin keçməsini gözləyən əcəmi bir sürücüyə taksiçimiz yaxınlaşıb nəzakətlə söylədi: “Bəyəfəndi, yol sizindir, buyurun!” Məndə nə isə o duyğu hakim kəsildi ki, bu zərafət üslubu birbaşa imperatorluq xalqının xarakterinə hopan bir üslubdur. Alkoqolik saydığımız rus mühitində də imperatorluq xalqına məxsus bu cəhəti müşahidə etmişəm. Uzun illərin müstəmləkə aurası bizlərdə bir-birimizə dəyər vermə duyğusunu öldürüb sanki. Mən özüm də maşını idarə edəndə, azacıq yanlış hərəkət edən sürücüyə özümdən asılı olmadan bəzi naxoş kəlimələr işlədirəm və bu yanlış üslubdan təsirləndiyimi gizlətmirəm.

İslam əleyhinə kitab, məqalə yazırlar, dərhal ölümlə hədələyirlər, anlaqsız kimsələr Peyğəmbərə karikatura çəkir, daha çılğın hərəkətlərlə cavab verməyə çalışırlar. Halbuki Allahın öz kəlamını, Kitabını qorumasının mütləqliyi barədə ayə var, kiminsə cızma-qarası, təhrifi ilə İslam sıradan çıxacaqsa, onun böyük Peyğəmbəri nüfuzdan düşəcəksə, elə bu son min ildə baş verərdi də. İslamın, Peyğəmbərin nüfuzunu qorumaq, başqalarına yalnız və yalnız gerçək İslam ədəbini, Peyğəmbər əxlaqını göstərməkdən keçər. Söyüşə söyüşlə cavabdan keçməz. Günel Mövludun yanlış yazdığını iddia edərsənsə, öz mövqeyinin doğruluğunu nəcib şəkildə izah etməklə nə itirəcəksən? Bəlkə bu üslubla adamın yanlış düşündüyünü özünə daha çox göstərə biləcəksən?

Hamı cavabı İslam camiası adından verməyə başlayanda, hamı Allahın vəkili roluna girəndə daha uyğunsuz mənzərə ortaya çıxır. Bu, kiminsə ermənistanlılar adından, yaxud da bakılılar, naxçıvanlılar, qarabağlılar adından nəyəsə etiraz məktubu yazmağına bənzəyir. Hansısa tarixi şəxsiyyət haqqında xoşagəlməyən fikir səsləndiriləndə bəzi insanlar həmin şəxsiyyətin doğulduğu bölgənin qubernatoru kimi özünü hiss edib, böyrünə də əlli nəfərin imzasını qoşaraq əzəmətli bir cavab yazır: “Siz bununla bütün qubadlıları, qazaxlıları, naxçıvanlıları, nə bilim lənkəranlıları təhqir etmisiniz!”

Ötənlərdə bir tarixçi alimin qəti hökmünə rast gəldim: “Şah İsmayılı sevməyən Azərbaycan türkü deyil!” Azərbaycan türkünün təyinatının Şah İsmayılı sevmək testindən keçməklə müəyyənləşdiyini normal düşünən kimsə izah edə bilərmi? Eyni tezisi bir xalq hərəkatçısı işlətsə ki, Rəsulzadəni, Elçibəyi sevməyən Azərbaycan türkü ola bilməz, eləcə də bir YAP-çı işlətsə ki, Heydər Əliyevi sevməyən Azərbaycan türkü ola bilməz, buna hansı məntiq qanunları ilə izah vermək olar? Siyasətlə, tarixlə maraqlanmayan minlərlə Azərbaycan türkü bu şəxslərin hansısa birini sevməsə, Azərbaycan türklüyündən çıxırmı? Məsələn, mən Dədə Qorqud mədəniyyətini əsl türk mədəniyyəti, Səfəvi mədəniyyətini də Sasani mədəniyyətinin davamı hesab edirəm və əsaslandırıram. Kiminsə razılaşmaması mənim əmin olduğum görüşləri dəyişməz ki? Bununla belə, Səfəviləri ideallaşdıran insanlara da öz mllətimin nümayəndələri kimi baxıram və kimlik təsbitini bunun üzərindən aparmağı anormallıq sayıram.

Baxın, istedadlı tədqiqatçı Güntay Gəncalpın son kitablarında və yazılarında tariximizə fərqli yanaşma ortaya qoyulur. Bir məqaləsi belə ciddi qəbul olunmayan, ictimai varlığı tanınmayan adamlar vətənpərvərlik təəssübkeşliyi ilə elə söyüşlər yağdırırlar ki, “mənim ehkamıma toxunma, mənim atalarımın mirasını yanlış da olsa, təftiş etmə” deyə adamı linç etməyə çalışırlar. Belə bir mühitdə yeni, sağlam, doğru fikirlər necə aşılana bilər cəmiyyətə? Bu cür yanlış düşüncələr Azərbaycanda hər şeyi sonunda ümummilli kulinaristimiz Tahir Əmiraslanovun sevdiyi, reklam etdiyi yağlardan hazırladığı yeməklərin tamına gətirir.

Tanıdığınız Viktor Hüqonun 30 may 1878-ci ildə Volterin ölümünün yüzüncü ildönümü tədbirindəki möhtəşəm çıxışında qeyd etdiyi anlamlı bir müşahidə diqqətimi çəkdi: “18-ci əsrdə bu ağılların arasında Volterdən sonra ən uca sayıla bilən ikisi də vardı: Russo ilə Didro. Bu bilgə kimsələr insanları düzgün düşünməyə alışdırdılar. Düzgün düşüncə isə düzgün davranışlara gətirib çıxarır”.

Siyasət adamlarının ritorikasına sadəlövhcəsinə inanmayın. Biz tarixdən ibrət almayan, savaşı uduzmuş, mədəni mirası yanlış seçmiş bir cəmiyyətik. Əsas qazancımız millətimizin az bir qisminə nəsib olan müstəqil dövlətdir. Onun da gələcəyini Hüqonun da söylədiyi kimi yalnız düzgün düşüncəyə alışmaqla doğru təyin edə biləcəyik. Bunun da yolu düşünən, yazan, çıxış yolları axtaran istedadlı insanların susdurulmamasından keçir.

Yoxsa doğruluğunu sübut etmək üçün Məhəmmədhəsən əminin məzlumluğu ilə Mir Möhsün ağanın qəbrinə and içən Telli Borçalının 20 Yanvarda hətta toya getməsindən çox, bizim bunu müzakirəyə çıxarmağımızın doğru davranış olmadığını anlamayacağıq. Yaxud Şimali Koreyada olduğu kimi, Xocalı faciəsi günü kimin daha kədərli olmasını müəyyənləşdirən ümumxalq müsabiqəsi keçirəcəyik. Və ya 20 yanvarda, 26 fevralda, 31 martda doğulan vətəndaşlara ad gününü keçirməyi qadağan edəcəyik. Yenə də Şuşanın işğalını mayın 9-dan 8-nə çəkib bu gün ağlayıb, sabah Qələbə bayramını qeyd edəcəyik.

Tarix boyu təqvimimizi bir də gözdən keçirsəniz, bəlkə də gülməyə haqqımız çatan hansısa bir gün tapa bilməyəcəksiniz. Və bu saxta vətənpərvərlik təyinatları, xorları əvəzinə fikirlərin müzakirə mühitini genişləndirməliyik ki, cəhalətin dövran sürdüyü beynimizin qırışlarından təzə qan dövran edə bilsin…


Teqlər:





Xəbər lenti