Azərbaycanın tanınmış yazıçısı vəfat edib

Azərbaycanın tanınmış yazıçısı vəfat edib
  20 Yanvar 2014    Oxunub:1423
Azərbaycanın tanınmış yazıçı və dramuturqu Aslan Qəhrəmanov dünyasını dəyişib.
Mərhumun dostu, publisist Tofiq Abdinin APA-ya verdiyi məlumata görə, o, dünən axşam saatlarında vəfat edib.

Aslan Qəhrəmanovun böyrək çatışmazlığından əziyyət çəkdiyi, xeyli müddət yataq xəstəsi olduğunu, 3 ay öncə İran İslam Respublikasında cərrahiyyə əməliyyatı edildiyi bildirilib.

Mərhumun meyiti dəfn olunmaq üçün bu gün səhər anadan olduğu Ağstafa rayonuna aparılıb.

Qeyd edək ki, Qəhrəmanlı Aslan Qəhrəman oğlu 1939-cu il sentyabr ayının 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlayıb. Həmin mərkəzin bazası əsasında kibernetika institutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olub.

1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləyib.
Bir müddət Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işlədikdən sonra yenidən indiki Azərbaycan Dövlət Neft Akademiyasına dəyişilib. 1980-ci ildən 2007-ci ilə qədər həmin Akademiyada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsində çalışıb. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinə keçib, bu universitetin Riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər rektoru olub.

Aslan Qəhrəmanlı bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir. 2003-cü ildən nəşrə başlamış "Azərbaycanın Vergi Xəbərləri" jurnalının həmin ildən 2010-cu ilə qədər baş redaktoru olub.

Yazıçı kimi özünü 1967-ci ildə "Gənclik" nəşriyyatında çıxan "Gənc qələmlər" almanaxında dərc olunmuş "Dağların mahnısı" adlı ilk hekayəsi ilə sınayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

"Spektr", "Döngə", "Burulğan", "Səni axtarıram", "Bağışla" və sair telepyesləri Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilib.
Azərbaycan televiziyası səhnəsində ilk çoxhissəli tamaşaya çevrilmiş "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" adlı üçhissəli telepyeslərin müəllifidir.

Onun radio üçün yazdığı "Daşa dönmüşlər şəhəri", "Şeytan", "Ceyran əfsanəsi", "Tutuquşu" və sair kimi 13 nağıl-pyesi Azərbaycan radiosu ilə səsləndirilib.


Teqlər:  





Xəbər lenti