Təyinat məntəqəsi

Təyinat məntəqəsi
  17 Yanvar 2014    Oxunub:2423
Fazil MUSTAFA

Qatarların, avtobusların, digər nəqliyyat vasitələrinin təyinat məntəqəsi olur. Hamının gözlə aydın görə biləcəyi lövhələrdə bu təyinat məntəqəsinin adı hökmən yazılır. Hansı dayanacaqda nəqliyyata oturmağından asılı olmayaraq, bu lövhəyə görə istiqamətini dəqiqləşdirə bilirsən.
Hər dəfə Azərbaycan adlanan qatarın təyinat məntəqəsini düşünərkən vahimə içində qaldığımı gizlətmirəm. O lövhəni aydın şəkildə görə bilmirəm. Bəlkə də “siyasi cəhətdən belə bir lövhənin olmaması faydamızadır” deyilə bilir. Avropa Birliyi yazarsan, Rusiya Birliyi təzyiq edər, boş qoyarsan, yenə də kimlərsə boş lövhəni öz istədiyi istiqamət adları ilə doldura biləcək. Mənim düşündüyüm nə siyasi, nə iqtisadi, nə dini, nə mədəni hədəfimizi göstərən təyinat məntəqəsidir. Burada birbaşa düşüncəmizin təyinat məntəqəsi ilə bağlı boşluqdan söhbət gedir. Biz Azərbaycanda yaşayan insan kütləsinin təyinat məntəqəsinin nə, hara, niyə olduğunu aydınlaşdırmaq üçün bir az fikir çək-çevirinə baş vurmalıyıq.

Bizdə uzun illərdir belə bir düşüncə yer tutub ki, yanımızda erməni kimi yaramaz bir qonşu var. Hər çıxışımızda bu qonşunun bizə qarşı hiyləgər davranışlarından sicilləmə nitqlər söyləyirik. Bəlkə bir düşünək ki, Azərbaycan insanının şansıdır ki, yanında, böyür-başında, keçmiş xatirələrində, gələcək xəyallarında erməni kimi bir qonşu var. Bizim kimi dənizi olmayan, kürüsü, qazı, nefti olmayan bir qonşu... Biz özümüz də bilmədən nələri öyrənməyimizin fərqində deyilik. Kiçik yaşlı uşaqların fantaziyaları zəif olduğundan, özlərindən böyük uşaqlarla oynarkən onların davranışlarını necə təkrarladıqlarını rahatca müşahidə edə bilərsiniz. Onlarla müqayisə fonunda biz diaspor fəaliyyətinin mahiyyətini anlamışıq. Onların ziyalı gildiyasını necə formalaşdırdıqlarını dərindən öyrənməyimizin vacibliyini bilirik. Onların kilsə sisteminin təşkilatçılıq gücünə heyranlığımızı gizlətmirik. Onların təhsilə, sənətə, sağlamlığa münasibətdə necə həssaslıq göstərdiklərini həsədlə izləyirik. Onların xarici dövlətlərin içində hakimiyyətə, yerli özünüidarəyə, siyasətə, iqtisadiyyata, mədəni həyata bizdən daha məharətlə sızdıqlarını görürük.

Vaxtilə Bakıda, bizim içimizdə hansı imkanlara sahib olduqlarını erməni evlərində kirayənişin olan azərbaycanlı rayon mühitinin yetişdirdiyi tələbələr bilməmiş olmaz. Hətta qardaş Türkiyədə daha təşkilatlanmış fəaliyyət imkanları ilə bizi təəccübləndirməli olurlar. ABŞ, Rusiya, Fransa bir tərəfə, Türkiyənin özündə belə bir hədəfə doğru sistemli iş ortaya qoyan Azərbaycan dərnəklərini, ictimai-siyasi quruluşlarını təsəvvür etmək çox-çox çətindir. Ötən günlərdə ermənilər Qarabağ üçün marafon keçirəndə, səhv etmirəmsə, 20 milyon dolları bir günün içində yığdılar. Buyurun, illərdir Azərbaycan dövlətinin ortaya qoyduğu pullarla Avropanın mərkəzində abırlı bir Xocalı tədbiri keçirmək bizlərə hələ də müyəssər olmayıb.

Məhz bu gerçəkləri çək-çevir edərək, təqvimlərimizdə 20 Yanvarla bağlı qara işarənin altındakı illərdir təkrarlanan təyinata baxıram: Milli Matəm günü! Baxın, belə bir matəm gününü yalnız və yalnız təyinat məntəqəsi olmayan bir dövlət, xalq, millət və ya insan topluluğu qeyd edə bilər. Heç “Google”da da axtarışa baş vurmuram. Hər bir xalqın tarixində matəm olaraq qeyd etməyə onlarla gün tapmaq olar ki, miqyasına və mənasına görə 20 Yanvar tarixi onların yanında bəlkə də əhəmiyyətsiz qalar. 131 tələfat verdiyimiz, 600-dən artıq insanın yaralandığı o faciəli günləri əlbəttə ki, üzüntü ilə xatırlayırıq və şəhid olan vətəndaşlarımızın taleyinə acıyırıq. Ancaq həm də ona acıyırıq ki, sovet sisteminə qarşı bir dəfə açıq savaş imkanımız olduğu halda, xalqımıza qarşı repressiyalara, Qarabağda erməniləri dəstəkləməyə görə Qızıl Orduya bir nəfər də tələfat verdirmədik, bir sovet tankını partlada bilmədik.

Təbii ki, dövlət, bu hadisələrdə ölən, yaralanan, şikəst qalan insanlara yardımını hər zaman göstərməlidir. Ancaq təsəvvürümə gətirə bilmirəm ki, o qədər faciələr yaşamış, atom bombasının dəhşətini, sunami fəlakətini görmüş Yaponiyanın təqvimində Milli Matəm günü deyə bir anlayış var. Ermənilər belə 24 apreli soyqırım günü kimi qeyd edirlər. Bunu da matəm məqsədilə deyil, sırf təbliğat hadisəsi kimi gözə soxmağa çalışırlar. Bu qəbildən bizim Xocalı və 31 mart hadisələri ilə bağlı soyqırım tanıtımımız anlaşılandır. Siyasi təbliğat vasitəsi olaraq buna zərurət var. Ancaq 20 Yanvarın siyasi və mənəvi nəticələrinin bəlkə də müstəqilliyə qədərki dövrdə xalqın təşkilatlanmasına yönəlik faydasını düşünə bilərdik. İndi isə Şuşanın işğalı fonunda, Qarabağın tam itirilməsi, 11 min hərbçini şəhid verdiyimiz bu məğlubiyyət savaşı kontekstində matəm gününü təqvimdə saxlamağın bir mənası qalırmı?

Müstəqil dövlət qurulana qədər olan dəyərlərlə, simvollarla müstəqillikdən sonrakı dəyərlər, simvollar arasında sərhədi dəqiq müəyyənləşdirmək zorundayıq. Müstəqil dövlət qurulana qədər hansısa gopalogiyanı, mifik qəhrəmanları, acıları, tarixi savaşları önə çıxarıb millətdə əsas davaya yönəlik bir səfərbərlik duyğusu yaratmaq bəlkə də qaçılmaz addımlardan biri sayıla bilərdi. Bunları da dozasından artıq etdiyimizdəndir ki, bu gün insanımıza dünənin nağıl qəhrəmanının qaranlıq dünyaya eniş səhnəsini unutdurub, işıqlı dünyaya çıxış yollarını aramağa yönləndirə bilmirik.

Özümüzü quyunun dibində peşmançılıq duyğusu ilə hönkür-hönkür ağlayan və kiminsə mərhəmətini gözləyən bir çarəsiz insan obrazında görürəm. Düşünmək istəmirik ki, müstəqillik əldə olunandan sonra əsas vəzifəmiz insanlara özümüzlə, çevrəmizlə bağlı real düşüncə konturlarını təqdim etməkdir. Hətta Rusiya divi ilə passiv savaşımızda ABŞ və ya Avropanı simvollaşdıran Simurq quşunun “qa” tələbinə “qa”, “qu” tələbinə “qu” cavabı verməli olduğumuzu daha çox diqqətdə saxlamalıyıq. Onsuz da özəlləşdirilmiş baldırından ət verməyə hazır olmayan cəmiyyətimiz divin mərhəmətinə daha çox ümid etməkdədirsə, cəmiyyəti tələsdirmədən bu təyinat məntəqəsini doğru təyin edərək ləngər addımlarla da olsa irəliləməliyik. Artıq bilməliyik ki, nə qədər həsrət mövzusunda duyğusal çıxışlar etsəniz də, ədəbiyyatımızda Araz haqqında şerlərə nadir halda rast gələcəksiniz. Çünki Araz artıq əlverişli ticarət yoludur, həsrət yolu deyil. Ticarətdə isə şeir yazılmır, pul sayılır. Cəmiyyətin də hər bir problemə, prosesə baxışı bu qədər bəsit və realdır.

Sonda xatırladım ki, bizim illərlə anladığımız, yaşadığımız din də Milli Matəm dinidir. Matəm Dinimizi, Matəm Günümüzü və Matəm Yönümüzü bir daha gözdən keçirərək Qələbəyə, Uğura apara bilən düşüncəmizin doğru Təyinat Məntəqəsini tapmalıyıq!


Teqlər:  





Xəbər lenti