“Azərbaycan regionda inkişaf edən yeganə ölkədir”

“Azərbaycan  regionda inkişaf edən yeganə ölkədir”
  17 Yanvar 2014    Oxunub:1154
Xəzər Strateji İnstitutu (HASEN) Türkiyə-Ermənistan-Azərbaycan münasibətləri mövzusunda dəyirmi masa keçirib. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəyimir masada 3 ölkə arasındakı siyasi və iqtisadi münasibətlər, bölgənin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana səfəri, iki ölkə arasındakı münasibətlərin son vəziyyəti, 1915-ci il hadisələri, ABŞ və Avropa Birliyinin regiondakı problemlərə münasibəti, Rusiya və İranın Ermənistanla münasibətləri müzakirə olunub.

Dəyirmi masada professor Bülənt Aras Rusiyanın Qafqaz siyasətini analiz edib. O bildirib ki, Rusiya Osetiya və Abxaziyanı işğal etsə də artıq bu yükü daşıya bilmir. Türkiyənin regionu bir-birinə inteqrasiya etməyə çalışdığını deyən Aras vurğulayıb ki, Rusiya və Türkiyənin cəhdləri nəticə vermir və Rusiyanın bölgəyə atdığı düyün ancaq müharibə ilə həll oluna bilər: “Amma regiondakı ölkələrin liderləri müharibə etməmək üçün tez-tez görüşürlər. Hazırda regionda inkişaf edən yeganə ölkə Azərbaycandır. Azərbaycan getdikcə güclənir, beynəlxalq məkanda təsirini artırır. Regiondakı xaos və qeyri-sabitlik dibə enir. Gürcüstan və Ermənistan ciddi şəkildə kasıblayır və təklənir”.

Professor Kamer Kasım isə Dağlıq Qarabağ problemi və 1915-ci il hadisələri fonunda Türkiyə-Azərbaycan-Ermənistan münasibətlərini dəyərləndirib. O bildirib ki, qondarma erməni soyqırımı iddiaları xarici siyasətin məqsədlərindən biridir: “Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Dağlıq Qarabağ probleminin həllindən asılıdır”.

HASEN Siyasət və Sosial Araşdırmalar Mərkəzinin eksperti Bəkir Günay isə bildirib ki, Azərbaycan Türkiyənin ən çox sərmayə qoyduğu ölkələr sırasına girib: “Xüsusilə də enerji sahəsində böyük sərmayələr qoyulub və TANAP layihəsi də buna sübutdur”.

Vüqar İmanbəyli isə çıxışında Qafqaz və Xəzər regionu ölkələrindəki regional və beynəlxalq dəyişikliklərdən danışıb: “Qafqazdakı problemin mənbəyi Stalinin vaxtındakı millətlər siyasəti ilə döşənmiş minalı bölgələrdir. Regionda normallaşa bilməyən yeganə aktyor Ermənistandır. Bu ölkənin iqtisadiyyatı tamamilə Rusiyanın əlindədir və bunun nə qədər davam edəcəyini dəqiq demək mümkün deyil. Ermənistanın yürütdüyü siyasət get-gedə onun daha da tək qalmasına və kasıblamağına səbəb olur. On il sonra bu ölkənin vəziyyəti daha da pisləşəcək”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti