`Boşanan kimi düşmənə çevrilirlər, çünki…` - MÜSAHİBƏ

`Boşanan kimi düşmənə çevrilirlər, çünki…` - MÜSAHİBƏ
  16 Yanvar 2014    Oxunub:13575
AzVision.az-ın budəfəki qonağı tanınmış hüquqşünas Zülfiyyə Bayramovadır. Xatırladaq ki, Zülfiyyə Bayramova tanınmış teleaparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır.

- Bir ara sizi efirdə aparıcı olaraq görürdük, amma indi efirdən uzaqlaşmısınız. Bu, nə ilə bağlıdır?

- Bəli, bir ara ANS kanalında “Hökm” verlişini aparırdım. Sonradan digər işlərim daha çox olduğu üçün uzaqlaşdım. Amma indi də tv ilə əməkdaşlığım davam edir, hüquqi məsləhətlər üçün dəvət alıram.

Çoxları o verilişi tənqid edirdilər ki, hadisələr sadəcə uydurmadır...

- Xeyr, orada olan hadisələr reallıq idi. Doğrudur, insanlar oyunçular olsa da, mövzular hər biri mənim müdafiə etdiyim məhkəmə proseslerindən götürülmüşdü. Bir də axı buna niyə təəccüblənirlər, bəyəm anasını öldürən, dostunun arvadına göz dikən, şikəst bacısını evdən çıxarmaq üçün məhkəmələri gəzən insanlara heç rast gəlməmisiniz?! Bu ki, reallıqdır. Tənqidə gəlincə, belə də olmalıdır - demək, baxırdılar ki, tənqid edirdilər. Baxmasalar nə bilərdilər ki, orada nə baş verir?

Bir hüquqşünas kimi sizcə, bütün bunların baş verməsinə səbəb nədir?

- Mən iş həyatımda çox hadisələrlə rastlaşmışam. 8 il birgə yaşayıb 3 uşaq sahibi olan ata məhkəmədə arvadını boşama səbəbini toy günü bakirə olmaması ilə izah etdi. 8 ildən sonra buna güləsən, ya ağlıyasan? Məncə, bu, insanların elmdən uzaq düşməsi, erkən evlilik, “qız nədi, oxudu nədi” prinsipi ilə yaşaması, bir sözlə, kütləyə çevrilməsindən irəli gəlir.

- Sizcə, ölkədə qanunlar insanların ürəyincədir?

- Gəlin, buna belə baxaq: uduzan var, udan var. Uduzan üçün qanun səhv, udan üçün düz yazılıb. Ona görə bunu 50:50-yə götürək. Məncə qanunlarımızı diqqətlə oxuyub əməl etsək, çox şeyə nail olarıq.

- Daha çox uduzan tərəf olmunuz, yoxsa udan?

- Uduzduğum işlərimdə olur. Çox vaxt vətəndaşın səhv məlumat verməsinə görə olur, amma mən əksər halda tam əmin olduğum işləri götürürəm öhdəmə. Əgər hər hansı işdə udmaq şansı yoxdursa, calışıram onları başa salım ki, qanun buna yol vermir. Təəssuf ki, çox vaxt bu, düzgün başa düşülmür. Haradasa 70% hallarda udmuşam.

- Bəs həyatda necə? “Ən azı 70 faiz udmuşam” deyə bilərsinimi?

- Şükür, mən həyatda sahib olduqlarımı göz önünə gətirəndə 90% udmuşam. 10% gündəlik problemlərdir ki, o da olmalıdır.

- Qadın və hüquqşünas olmaq. Bu, çətinliklər yaratmayıb ki?

- Ev işlərinə yaradıb, çünki ev işlərində tənbələm, amma mənə görə qadın və hüquqşünas olmaq nəinki çətinlik yaratmır, əksinə, bir-birini tamamlayır.

- Çoxları qadın hüquqşünaslarla münasibət qurmaqdan çəkinir. Bunu daha çox onların gözüaçıq olması, hüquqlarını bilmələrilə izah edirlər.

- Niyə? Qadın deyəndə hamıda belə təəssürat yaranır ki, ancaq mətbəxdə olmalıdır, işləyərsə, gözü açılar. Bəyəm qadınlar idarəedici ola bilməz?Mən sizə tarixi xatırladım. Vaxtilə qadınlar hökmran olublar, kişilər isə onların işci qüvvəsi. Sonradan kişilər fiziki işdə işləyə-işləyə güc toplayıb və qadınlara ağılları ilə deyil, gucləri ilə qalib gəliblər. İndiki həyatımızda da əksər kişilər qadınlara fiziki güc nümayiş etdirməklə nəyisə sübut etməyə çalışırlar.

- “Qadınlar kişilərdən daha ağıllıdır” fikri ilə razısınız o zaman?

- Əlbəttə hər güclü kişinin arxasında bir ağıllı qadın dayanır. Amma ağılsız qadınlar da var. Təsəvvür edin, kişi qazanıb gətirir, ağılsız qadınsa onu hara xərcləməyi bilmir beləcə, ortada heç nə olmur.

- Feminist düşüncələriniz sizə həyatda, qarşı cinslə münasibətdə əngəl yaratmayıb ki?

- Niyə sizə elə gəldi ki, mən feministəm? Əksinə, mən kişilərdən çox, qadınlarla mübarizə aparıram. Çünki qadınlar istəsə çox şeyə nail olarlar. Kişilərini şah da edərlər, nökər də.

- Sırf feminist olmasanız da, feminizim düşüncələri cücərməkdədir…

- Mənimki cücərməkdən keçib, daha qol-budaq atmışam (gülür).

- Bəs bu qol-budaq atmış feminist düşüncələr İlqar bəylə aranızda problem yaşatmır ki?

- Axı mən dedim ki, feminist deyiləm. O ki qaldı İlqarla münasibətə, o, çox gözəl və ağıllı insandır və hər işdə mənə dəstək olur. Təki bütün kişilər İlqar kimi anlayışlı olaydı.

- Tanışlığınızın necə başlaması maraqlıdır…

- Gəlin şəxsi həyata bir o qədər də müdaxilə etməyək. Sadəcə onu deyə bilərəm ki, aramızda sevgi münasibətləri olub və biz bunu rəsmiləşdirmişik.

Münasibətlərinizi rəsmiləşdirmək çoxları üçün gözlənilməz olub, deyirlər. Doğrudur?

- Bizi yaxından tanıyan dostlarım bizdən bunu gözləyirdi, bizi tanımayan və bunu gözləməyən insanların fikri isə bizim üçün maraqlı deyil.

Son zamanlar İlqar bəyin ailəsinin ətrafında gedən qalmaqallar medianın gündəmindən demək olar ki, düşmür...

- Xahiş edirəm, o barədə danışmayaq. Olarmı?

Son illərdə boşanmaların sayının artmasını praktikada müşahidə edə bilirsiniz?

- Demək olar ki, hər gün boşanma ilə bağlı müraciət olunur, əksər boşananlar nə istədiklərini belə anlamırlar. Kimisə ata-anası evləndirib, indi yola gedə bilmirlər.

Bunun günahı daha çox qadınlarda yoxsa kişilərdədir?

- Mən sizə bir şey deyim: qadınlar evlənəndən sonra sanki kişini şəxsi əmlaka çevirirlər, ondan əl çəkmək istəmirlər. Çoxu dərk etmir ki, belə olmaz. Həmçinin dərk etmirlər ki, dost kimi də ayrılmaq olar, ayrılan kimi düşmənə çevrilirlər. Bilirsiniz, bunun səbəbi nədir? Səbəb çox sadə - ifadəmə görə üzr istəyirəm, sanki tövlə cütləşməsi anlayışıdır. Filankəsin evlənmək vaxtıdır, filankəsin qızı da yaxşı qızdır, alaq, uşaqları olsun. Bu prosesə fikir verin: adi cütləşmə prosesidir. Ona görə anlaşa bilmirlər. Qız da yaxşı ola bilər, oğlan da, amma onlar öz aralarında xosbəxt deyillərsə, bu, artıq ayrılığa gətirib çixarır.

Siz bir valideyn və ya ana kimi övladınızın seçiminə müdaxilə etməyəcəksiniz?

- Heç vaxt. İstər təhsildə, istər ailədə seçim özlərinindir. Mənim övladlarımın xoşbəxtliyi mənim xosbəxtliyimdir, bax, bu xosbəxtliyi ona verən qadın mənim ən əziz adamımdır.

“Boşanmadan ən çox əziyyət çəkən uşaqlardır” fikri doğrudurmu?

- Yox, təsəvvür edin, bir ailədə ana da var, ata da, amma o evdə hər gün dava olur və uşaqlar qorxu içində böyüyür. Digər evdə ya ata var, ya ana, amma uşaq çox sakit bir ömür sürür. Sizcə, hansı yaxşıdır? Mən yola getməyən ailələrin məcburu bir arada olmasının tərəfdarı deyiləm.

Sizin ailədə ən çox güzəştə gedən tərəf hansıdır?

- Hər ikimiz bir-birimizi başa düşür və bir-birimizə dost olmağa çalışırıq və bu, bizdə alınır. Mən bütün ailələrə dost olmağı, bir-birini anlamağı və kənar müdaxilələrdən uzaq olmağı arzulayıram. Onda hər şey gözəl olar.

Səbinə Məmmədova
AzVision.az üçün



Teqlər:





Xəbər lenti