Manıs-molla didişməsi

Manıs-molla didişməsi
  08 Yanvar 2014    Oxunub:2071

Vüsal Məmmədov

Nadir Qafarzadə ilə Elşad Mirinin arasında nəyin baş verdiyi tam məlum olmasa da, bilinənlər demək üçün bəs edir ki, bu, dünyanın ən xeyirli konfliktidir. Azərbaycan cəmiyyəti üçün bundan faydalı nə ola bilər: bir manısla bir molla didişiblər. Bəh-bəh... Belə toqquşmalar bir az çox olsa və iki zümrə bir-birini ifşa edib tükətsə, ölkə üçün bundan da xeyirli nəsə gözləmək mümkün deyil.
Azərbaycan xalqının beynini çürüdən iki zümrə var: biri manıslardır, o biri mollalar. Birincilər gətirdikləri dəhşətli yüngüllük, ikincilər isə dəhşətli ağırlıqla cəmiyyəti düzgün inkişafdan yayındırırlar. Yeni formalaşmaqda olan nəsil ya üzeyirkimilər, nadirfasonlar fəsiləsinin təsirinə düşüb “zor kayfdayam”, “maral-maral” dinləyən sürüyə çevrilir, ya da elşadkimilər, ilqarfasonlar dəstəsi tərəfə dönüb, 13 əsr keçmişə yol alır. Bunların ikisi də onu yayanlar üçün biznesdir. Manıslar da qazanırlar, mollalar da. Şou-biznes də çox gəlirli sahədir, din də. Mən nə kasıb molla, nə də kasıb manıs görmüşəm. Ümumiyyətlə, təcrübə göstərir ki, beyni çürüdən nə varsa, hamısı çox gəlirli biznesdir. İtirən isə cəmiyyət, xüsusilə də onun yeni formalaşmaqda olan nəsilləridir.

Mən çox istərdim ki, Azərbaycanda savadlı, gələcəyə yönəlmiş, müasir Qərb təfəkkürlü, texnokrat bir nəsil yetişin. Bizim dövlət olaraq gələcəyimiz bundan asılıdır. “Kəbin kəsdirmədən nişanlımla əl-ələ tuta bilərəmmi” kimi sualların yox, müasir dövrün ortaya qoyduğu maraqlı elmi-populyar mövzuların üstündə düşünən bir nəsil. Məsələn, kvant dünyasının paradoksları bizə nələri deyir? Paralel dünyalar varmı? Kainatların çox olduğunu iddia edən nəzəriyyələr haqlı ola bilərmi? Qara dəliklərin başqa kainatlara açılan kanal olması mümkündürmü? Zamanda səyahət gerçəkləşə bilərmi? 200 il sonra necə bir dünyada yaşayacağıq? Və sair və ilaxır – bu cür suallar onlarla, hətta yüzlərlədir.

Di gəl ki, müasir Azərbaycan gəncliyi üçün belə suallar maraqlı deyil. Çünki manısmeyillilər üçün bu mövzular sadəcə, yoxdur. Çox uzaq, çox əlçatmazdır. Andromeda qalaktikası kimi – “haradasa uzaqda belə bir şey var, amma bizlik deyil” düşüncəsi ilə yanaşırlar. Onlar üçün ən ülvi arzu və həyatın ən böyük məqsədi bir maşına oturub, maqnitofonda sarsaq bir mahnının səsini açıb, “civi”lər olan yerdə hərlənməkdir. Bilirsiniz, məsələn, Bethovenin 5-ci simfoniyasına səs verib, “civi” tutmaq mümkün deyil. Bunun üçün üzeyirkimilər və nadirfasonlar, “maral-maral” və “ay can-ay can” olmalıdır.

İkincilərə - yəni mollameyillilərə gəlincə, onlar üçün hər şey bir ehkamın çərçivəsindədir. Bütün suallara bir cavab var. O cavaba zidd olan hər şey yasaqdır. Müasir elmi nəzəriyyələrin insanı heyran qoyan həddə qədər gəlişdiyi bir dövrdə onlar hələ də əmindirlər ki, kişi palçıqdan, qadın isə qabırğadan yaranıb. Allah 2 günə yeri, sonra 4 günə göyü qayırıb. Göy qübbə şəklindədir və görünməz sütunların üstündə dayanır. Ümumiyyətlə, müasir laboratoriyalar, Böyük Adron Kollayderi, “Habbl” teleskopu, “Galileo”, “Voyacer”... bunların hamısına bir qoz, çünki onsuz da hamısı quranda var, sadəcə, başa düşmək lazımdır. “Gələcəkdə nə olacaq” sualına isə hazır cavab var: sahib əz-zaman gələcək. Lazım gələndə.

Bu iki zümdərən hansı cəmiyyətin gələcəyi üçün daha təhlükəlidir? Manısmeyillilər, yoxsa mollayanlılar? İkisi də! Hansınısa xüsusi fərqləndirmək mümkün deyil – bir medalın iki üzüdürlər. İkisi də toplumu eyni dərəcədə beyinsizləşməyə və cəhalətə aparır. Ən pisi budur ki, onlarla və törətdikləri effeketlə mübarizənin hansısa bir optimal yolu yoxdur. Çünki bütün arqumentlər beyin üçündür, bunların isə hər ikisi beyini yeməkdən başlayır.

Ona görə də, Martin Lüter Kinqin məşhur ifadəsilə desəm, I have a dream. Mənim bir arzum var: kaş ki mümkün olaydı, əvvəlcə ölkədəki bütün manıskimiləri (üzeyirləri, mahirləri, nadirləri və s.) bir zala, mollafasonları (elşadları, ilqarları, haci şahinləri və s.) ikinci zala dolduraydıq. Sonra heç nə eləmək lazım deyil, özləri-özlərini didə-didə xeyli azaldacaqdılar. Hər ikisinin arasında didişmələr zatən o qədər çoxdur ki, sadəcə, reaksiyanın getməsi üçün maddələri bir yerə yığmaq bəs edəcək.

Elə ki, hər iki zalda qırışmalar qurtardı, ancaq bir hissə salamat qaldı, ondan sonra sağ qalan mollafasonlarla manıskimiləri bu dəfə bir otağa doldururuq. Vətənə-millətə xeyirli-uğurlu olsun.


Teqlər:  





Xəbər lenti