Qalstuk müəllimin susmağı

Qalstuk müəllimin susmağı
  25 Dekabr 2013    Oxunub:1430
Alov

(nağıl)
Qədimi Şifonerin içində Papaq bəy, Hacı Təsbeh, Kərbəlayi Çadra xanım, Qoçu Qəmə və Qalstuk müəllim uzun illər idi ki, bir yerdə qonşuluq edirdilər. Qalstuk müəllimi hər dəfə kimsə Şifonerdən götürəndə Papaq bəy əməlli-başlı qıcıqlanırdı:
– Ehh, bir vaxtlar kişi demək, başıpapaqlı demək idi. İndi hamı köhnə kişilərin yoxa çıxmağından danışır, ta demirlər ki, köhnə kişilər papaqnan bir yerdə getdilər. Mənim başdan düşməyən günlərim vardı, dünyaya yuxarıdan aşağı baxmağın nə olduğunu başa düşmək üçün gərək bir dəfə mənim kimi başda oturasınız. İndi güvələrin oylağı olmuşam.

Bir gün yenə Papaq bəy köksünü ötürüb nifrətlə Qalstuk müəllimə baxdı:

– Sən millətin boğazına keçəndən məni başdan düşürtdülər. Sənin nəyinə müəllim deyirlər mən anlamıram. Sən millətin boğazına keçən xaltasan, boyunduruqsan. Sən gələndən baş ayağa keçdi, ayaq başa. Mənim başda oturan günlərimdə böyük böyük idi, kiçik kiçik. Arvad arvad idi, kişi kişi. Bəy bəy idi, gədə gədə. Heç kəs başından yuxarı hoppanmırdı. Heç kəs burnu girməyən yerə başını dürtmürdü.

Kərbəlayi Çadra xanım qısıq və ahəstə səslə Papaq bəyin sözünə qüvvət verdi:
– Siz allah bağışlayın, üzüm ayağınızın altına, kişilər olan yerdə arvad xeylağının səsi çıxmamalıdır, ta işdi oldu, gərək günahımdan keçəsiniz...

Hacı Təsbeh Papaq bəyi qabaqladı:
– Buyur, bacı, bu nə söhbətdi, biz nə karəyik ki, günahdan keçək, cəmi bir olan allah günahımızdan keçsin.

– Amin, ya rəbbim ya rəsulallah. Hə, onu deyirdim axı, Papaq bəy, siz doğru buyurursunuz. Sizin başda oturan zamanlardakı qeyrət, namus indi hanı? Uşaqların dədəsi rəhmətlik molla Əmmaməylə baş-başa verib millətin başında olduğunuz günləri deyirəm.

Bu yerdə Kərbəlayi Çadra xanım dəruni bir ah çəkdi və həm də imkan yaratdı ki, söhbətə qulaq asanlar xorla Molla Əmmaməyə “allah rəhmət eləsin” desinlər.

– Allah sizin də ölənlərinizə rəhmət eləsin. Hə, Papaq qardaş, sizin başda oturan günlərin mən də şahidi olmuşam. Hacı Təsbeh də hələ nə əldən düşmüşdü, nə də əllərdən. – Hacı Təsbeh saplarını (saqqalını) tərpətdi – Qoçu Qəmənin də dalının-qabağının kəsən, qan-qan deyən vaxtlarıydı, – gözucu Qoçu Qəməyə baxdı. Qoçu Qəmə də təsdiq əlaməti olaraq qınında azca qımıldandı – amma qəm eləməyin, yenə bizim dövranımız gəlir.

– Əh, bu qalstukkimilər qoysa... – deyə Papaq bəy söz atdı.

– Camaatın Qalstuka olan hörmət-izzəti əvvəlki kimi deyil, narahat olmayın. – Çadra xanım müdrikanə şəklidə səsinə xüsusi bir ton verdi: – Odey, biri elə mən. Yadınızdadır da arvadların məni ayaqlar altına atdıqları... Kuş, kuş, kuş, getsin o günlər bir də gəlməsin. İndi şükür allaha, camaatın başı daşdan-daşa dəyəndən sonra başa düşdülər ki, baş elə bir şeydir ki, onu özbaşına qoymaq olmaz. Başın üstündə bir duran gərəkdi, məsələn sizin kimi Papaq bəy! Kişi başı papaqlı gərək, arvad başı qapalı gərək. Yenə də min şükür allahın dərgahına, qızım Yaylıqdan bir şey çıxmadı, amma nəvəm Hicab... Nənəsi qurban olsun onun modern canına... – Bu yerdə Kərbəlayi Çadra xanım özü-özünə düzəliş elədi: – Vallah bu sözün nəmənə olduğundan çox da baş tappıram, amma nədirsə, nəvəm deyir, nənə, indi gərək mən bu sözü tez-tez işlədəm, sənin davamçın olmaqdan ötəri. Ona görə də, deyir, nənə, yeri gələndə gərək Şalvarnan da dostluq eliyəm, lap elə Mini Yubkaynan da, deyir, nənə, mən axı tolerantam. Vallah bu sözdən də baş tappıram, nəvəmin dediyini deyirəm. Doğrudur ki, bacım Burka ərəb ölkələrinnən mənə yazır ki, əsl müsəlman arvadı gərək Burkaya bürünə, ona görə də buralara gəlmək istəyir, mən də deyirəm hələ tələsmə, qoy burda arvadların başı nəvəmə alışsın, sən gələndə işin rahat olar inşaallah. Bilirsiniz qardaşlar, namus, qeyrət ki, var, onun yeri arvadların, üzr istəyirəm, saçlarıdır. Keçən keçmişlərdə namussuz arvadların saçlarını dibdən kəsmirdilərmi? Avropa xarabada niyə abır-həya yoxdu? Çünki, arvadlar saçlarını qırxıb kişilərinki kimi elədilər! Baxırsınız da, arvadların başları açılandan başıaşağılıqlarını itiriblər, dikbaşlaşıblar. Arvadın ki, başı dikbaşlaşdı, ta onun işi Qoçu Qəməyə qalıb. Gərək o arvad o başı saxlamasın...

– Elədir. – Qoçu Qəmə təsdiq əlaməti olaraq qınında qurcuxdu.

– Əlqərəz, deyəsən çox baş aparıb başınızı ağrıtdım.

Kərbəlayi Cadra xanım təvazökar notlarla sözünü tamam elədi.

– Yox, ay bacı nə baş ağrıtmaq, çox yaxşı sözlər danışırsan. Rəhmətlik molla Əmmamənin əyalı gərək elə belə danışa, ərinin adına layiq. – Hacı Təsbeh söhbətə qoşuldu:

– Mənim əldən və əllərdən düşməyən vaxtlarım varıydı, o günlərin xiffətini çox çəkirəm. Siz çox doğru buyurursunuz, gərək kişinin də, arvadın da, başı örtülü ola. Amma əlləri də unutmaq olmaz. Allah təala əlləri təsbeh fırlatmaq üçün yaradıb. Müsəlmanın əlləri gərək heç vaxt boş qalmasın, o dünyanı qazanmağın yolu bu dünyada təsbeh fırlatmaqdan keçir. Şükürlər olsun, indi cəmaət yavaş-yavaş əsl mətləbləri qanmağa başlayıb, bunlar müstəqil olandan sonra sərhədlər açılanda İrandan birinci məni gətirdilər. Amma Molla Əmmaməli günlər tamam ayrı günlər idi...

Kərbəlayi Cadra xanım yenə ah çəkdi.

Qalstuk müəllim kədərlə dilləndi:

– Sovet dövründə ali təhsil alanlar və müəyyən rəsmi vəzifəni icra edənlər mənsiz keçinməzdilər. Mən kimin boynundaydımsa, həmin adamdan çəkinərdilər, ona hörmət edərdilər. Mən həmişə savadı, təhsili, ziyalılığı, mədəniyyəti, rəsmiyyəti təmsil etmişəm. Amma sizlərin bu gün belə dirçəlməyiniz, yaxud mənim belə təklənməyim, hələ sizlərin qələbəsi demək deyil...

Qoçu Qəmə Qalstuk müəllimə bozardı:

– Bilirsən, ala, nə var?! Mən təhsil-məhsil, savad-mavad tanımıram, mentalitet deyirsiz nə deyirsiz, indi namus-qeyrətə təzə ad qoymusuz, onu tanıyıram, bir də ki, müqəddəs dinimizi tanıyıram, onları da neçə ki, qınımda varam, qoruyacam, vəssəlam, bildin? O ki, qaldı sənin məsələnə, inşallah bugün-sabah sənin haqqında da fətva gələr, biz də işimizi bilərik.

Qalstuk müəllim kirimişcə Şifonerin bir küncünə qısılıb susdu...


Teqlər:





Xəbər lenti