AQTA fəaliyyətə başlayandan 11 dəfə fındıq ixracından imtina edilib

 AQTA fəaliyyətə başlayandan 11 dəfə fındıq ixracından imtina edilib
  04 Dekabr 2019    Oxunub:4724
2019-cu ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu 7,2 faiz, o cümlədən bitkilik məhsulları istehsalı 11,4 faiz, heyvandarlıq məhsullarının istehsalı 3,2 faiz və qida məhsullarının istehsalı 13,9 faiz artıb.
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Kənd Təsərrüfatı Nazirlərinin 6-cı iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ildə təzə meyvə ixracı 21,5 faiz, şəkər 49,5, tütün 2 dəfə, meyvə və tərəvəz şirələri 33,7 faiz, çay 7 faiz, marqarin və qida üçün yararlı digər qarışıqlar isə 49,6 faiz artıb.

"Hesab edirəm ki, AQTA ilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri arasında əməkdaşlıq digər istiqamətlərdə yanaşı, heyvandarlıq sahəsində idxal-ixrac potensialına öz töhfəsini verəcək".

Q.Təhməzli qeyd edib ki, 2018-ci ilin 1 iyul tarixində AQTA yaranandan bu günə qədər Avropa İttifaqının qida və yeyinti məhsulları üzrə çevik xəbərdarlıq sistemi vasitəsilə ölkəmizdən Avropa İttifaqına ixrac olunan fındıq məhsullarından 11 dəfə imtina halı müşahidə edilib.

"Halbuki 2017-ci ilin yanvar ayından Agentliyin fəaliyyətə başladığı dövrə qədər bu cür imtina hallarının sayı 36 olub. Bütün bunlar ölkəmizdə qida təhlükəsizliyi sisteminin yüksələn xətlə inkişaf etməsinin və ixrac potensialının artırılması kimi göstərilə bilər".

Aytən Zəhra
Azvision.az


Teqlər: AQTA   Fındıq  





Xəbər lenti