Qeyri-neft sektoru üzrə ixrac 16.4 faiz artıb

Qeyri-neft sektoru üzrə ixrac 16.4 faiz artıb
  28 Noyabr 2019    Oxunub:1859
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ixracı 16,8 mlrd. dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 836,5 mln. dollar və ya 5,2% artıb.
Azvision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib. Onun sözlərinə görə, bu müddətdə qeyri-neft sektoru üzrə 1,573 mlrd. dollar dəyərində ixrac reallaşdırılıb.

"2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 10 ayında qeyri-neft sektoru üzrə ixrac 222 mln. dollar və ya 16,4% artıb. Bu ilin yanvar-oktyabr ayları ərzində Rusiyaya 533,9 mln. dollar, Türkiyəyə 324,6 mln. dollar, İsveçrəyə 147,7 mln. dollar, Gürcüstana 131,5 mln. dollar və Ukraynaya 39,8 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

R.Hüseyn bildirib ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (147,6 mln. dollar) liderliyini qoruyub.

“Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 62%, plastmas və onlardan hazırlanan məmulatların ixracı 56%, pambıq lifinin ixracı 42%, kimya sənayesi məhsullarının ixracı 36%, pambıq ipliyinin ixracı 28%, meyvə-tərəvəzin ixracı 12%, şəkər ixracı 10%, elektrik enerjisi 6% artıb.

Bu ilin oktyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 160 mln. dollar təşkil edib. 2018-ci ilin oktyabr ayı ilə müqayisədə 2019-cu ildə qeyri-neft sektoru üzrə ixrac 16 mln. dollar və ya 11% artıb. Bu ilin oktyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (68,3 mln. dollar), İsveçrəyə (22,4 mln. dollar), Türkiyəyə (20,6 mln. dollar), Gürcüstana (8,3 mln. dollar) və Ukraynaya (7 mln. dollar) ixrac edilib”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qeyri-neft   İxrac  





Xəbər lenti