Azərbaycanda kredit portfeli 1,5 faiz artıb

Azərbaycanda kredit portfeli 1,5 faiz artıb
  26 Noyabr 2019    Oxunub:1886
Oktyabrın 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 31 milyard 368,2 milyon manat, öhdəlikləri isə 26 milyard 634,2 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 734 milyon manat olub.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, oktyabr ayına sektorun aktivlərinin 44,9 faizini kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 1,5 faiz (202,8 milyon manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 14 milyard 75 milyon manat təşkil edib.

Fiziki şəxslərin əmanətləri 8 milyard 697,6 milyon manat olub, əmanət portfeli 2,4 faiz (206,3 milyon manat) artıb. Artım əsasən tələbli depozitlər hesabına baş verib. Belə ki, ay ərzində tələbli depozitlər 5,5 faiz (165,1 milyon manat) artıb.

Hüquqi şəxslərin cəmi depozitləri oktyabr ayında 2 faiz (234,7 milyon manat) azalaraq 11 milyard 336,7 milyon manat təşkil edib. Ay ərzində hüquqi şəxslərin müddətli depozitləri 5,6 faiz (152 milyon manat) azalaraq 2 milyard 548,6 milyon manat olub. Hüquqi şəxslərin cəmi depozitləri ilin əvvəli ilə müqayisədə 9,9 faiz (1 milyard 25,2 milyon manat) artıb.

Sektorun balans kapitalı oktyabrda1 faiz (45,5 milyon manat) artaraq 4 milyard 734 milyon manat təşkil edib.

Oktyabrda bankların əməliyyat mənfəəti 723,6 milyon manat, xalis mənfəəti isə 572,9 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10,2 faiz, kreditlər üzrə faiz gəlirləri isə 14,3 faiz artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 515, şöbələrinin sayı 130, ATM-lərin sayı 2612 olub. Bank sektorunun işçi heyətinin sayında artım oktyabr ayında da davam edib. Oktyabrda işçi sayı 1 faiz (197 nəfər) artaraq 19 min 108 nəfər təşkil edib.

Azvision.az


Teqlər: Bank   Kredit  





Xəbər lenti