Tədiyyə balansının profisiti 3 milyard dolları ötüb

  13 Dekabr 2013    Oxunub : 803
Tədiyyə balansının profisiti 3 milyard dolları ötüb
Azərbaycanın tədiyyə balansının profisiti 3 milyard dolları ötüb.
2013-cü ilin yanvar-sentyabr aylarının yekunlarına görə, cari əməliyyat hesablarının profisiti ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19,43 faiz azalaraq 9,3 milyard dollar təşkil edib. AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı tədiyyə balansında deyilir.

O cümlədən, neft-qaz sektorunun cari əməliyyat hesablarının profisiti 16,6 milyard dollar olub.

Neft-qaz sektorunun cari əməliyyat hesablarının profisiti qeyri-neft sektorunun cari əməliyyat hesablarının 7,4 milyard dollar həcmində kəsirini tam ödəyir.

Tədiyyə balansının ümumi profisiti 26,5 faiz azalaraq 3,29 milyard dollar olub.

Sektorlar üzrə tədiyyə balansının təhlili göstərdi ki, əvvəlki illərdə olduğu kimi, 2013-cü ilin yanvar-sentyabr aylarında da neft-qaz sektorunda xarici iqtisadi əməliyyatlar müsbət saldoya, qeyri-neft sektorunda isə mənfi saldoya malik olub.

2013-cü ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsinin ümumi həcmi 32,2 milyard manat, xarici ticarət balansının müsbət saldosu isə 15,4 milyard dollar təşkil edib.

Bu dövrdə 143 ölkə ilə ticarət münasibətləri qurulub. Ticarət dövriyyəsinin 9,5 faizi MDB ölkələrinin, 90,5 faizi isə digər xarici ölkələrin payına düşüb. İtaliya, Böyük Britaniya, Türkiyə, İndoneziya, ABŞ, Rusiya, Almaniya, Tailand, Yaponiya, Fransa ilə intensiv ticarət aparılıb. Azərbaycanın ixrac-idxal əməliyyatlarının 68,9 faizi bu ölkələrin payına düşür.

Teqlər: