Heydər Əliyev Mərkəzində sərgi

Heydər Əliyev Mərkəzində sərgi
  03 Dekabr 2013    Oxunub:2073
Heydər Əliyev Mərkəzində rəssam Sakit Məmmədovun "Rənglər aləmində" adlı fərdi sərgisi açılıb.
AzVision.az xəbər verir ki, bu gün Heydər Əliyev Mərkəzində Azərbaycanın əməkdar rəssamı Sakit Məmmədovun "Rənglər aləmində" adlı fərdi sərgisinin açılışı olub. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi sərgi Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən olan S.Məmmədovun 55 illik yubileyinə həsr olunub.

Sərginin təntənəli açılış mərasimində çıxış edən Azərbaycanın xalq rəssamı Salhab Məmmədov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, tanınmış britaniyalı rəssam Piter Von əsərləri dünyanın məşhur rəsm qalereyalarında dəfələrlə sərgilənən Azərbaycan rəssamının yaradıcılığını yüksək qiymətləndiriblər.

Çıxış edənlər, həmçinin S.Məmmədovun Azərbaycan incəsənətinin dünyada təbliğində böyük xidmətlərini qeyd ediblər.

Azərbaycanın əməkdar rəssamı S.Məmmədova YUNESKO-nun Beynəlxalq Rəssamlar Assosiasiyasının ali mükafatı və Türkiyənin "Yedi Tepe" Universitetinin mükafatı təqdim edilib.

Fərdi sərginin açılışında iştirak edən hər kəsə təşəkkürünü bildirən S.Məmmədov qeyd edib ki, yaradılıcılıq illəri ərzində dünyanın müxtəlif sərgi mərkəzlərində nümayiş etdirilmiş bir çox əsər ərsəyə gətirib. Onun çəkdiyi Roma Papasının portreti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Vatikana hədiyyə edilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Avropa Parlamentinin binasında onun sərgisi açılıb.
Rəssam qeyd edib: "Bu gün sərgim bütün dünyada məşhur olan Heydər Əliyev Mərkəzində təşkil edilib. Buna ancaq sevinmək olar".
S.Məmmədov sərginin təşkilinə görə minnətdarlığını bildirib.

Ekspozisiyada rəssamın 55 rəngkarlıq əsəri nümayiş olunur. Sərgi dekabrın 13-dək davam edəcək.

S.Məmmədov 1978-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1987-ci ildə İ.E.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasını bitirib. Rəssamın əsərləri indiyə qədər 37 sərgidə nümayiş olunub. S.Məmmədovun bu vaxta kimi 6 fərdi sərgisi keçirilib.

S.Məmmədov 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adı, 2009-cu ildə "Şərəf" ordeni ilə təltif olunub. S.Məmmədov YUNESKO Rəssamlar Assosiasiyasının, Rusiya İmperator Rəssamlıq Akademiyasının üzvüdür. İki beynəlxalq mükafata - "Dədə Qorqud" Beynəlxalq Türk Dünyası Fondunun "Dədə Qorqud" mükafatına və "Vətən Övladı" Qızıl medalına layiq görülüb. Yeddi dəfə birinci dərəcəli fəxri diplom, "Şah İsmayıl Xətai", "Həsən bəy Zərdabi", "Hacı Zeynalabdin Tağıyev" qızıl medalları, eləcə də "Vera" beynəlxalq kuboku ilə təltif edilib. 2012-ci ildə Rusiyanın nüfuzlu "Minilliyin adamı" mükafatına layiq görülən ilk azərbaycanlıdır. Tanınmış Azərbaycan rəssamı bu mükafata dünya mədəniyyətinə və təsviri sənətinə verdiyi töhfəyə görə layiq görülüb.

Onun əsərləri dünyanın bir çox məşhur qalereyalarında sərgilənir. S.Məmmədov ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə, Belçika, Rusiya, Çexiya, İsveç, Polşa, Avstriya, Macarıstan, Avstraliya və digər ölkələrdə sərgilərin iştirakçısı olub.

S.Məmmədovun əsərləri bir çox dünya liderlərinin, ictimai, mədəniyyət və incəsənət xadimlərinin (onların arasında Monika Beluççi, Patrisiya Kaas, İosif Kabzon, Ajda Pekan və digərləri var) şəxsi kolleksiyalarında, Vatikan muzeyində, "Opera" qalereyasında (Sinqapur) və əlbəttə ki, Azərbaycan muzeylərində saxlanılır. Rəssam Poma Papası II İohann Pavelin, Monika Beluççinin və başqalarının portretlərinin müəllifidir.


Teqlər:





Xəbər lenti