`Məhsəti Gəncəvi 900` Fransanın Reyms şəhərində

  27 Noyabr 2013    Oxunub : 721
`Məhsəti Gəncəvi 900` Fransanın Reyms şəhərində
Məhsəti Gəncəvinin 900 illik yubileyi ilə əlaqədar Fransanın Reyms şəhərində tədbirlər keçiriləcək.

AzVision.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Avropa ölkələrində Azərbaycan mədəniyyətinin təbliği uğurla davam edir. Fonddan verilən məlumata görə, YUNESKO-nun qərarı ilə Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi çərçivəsində noyabrın son günləri Fransanın qədim Reyms şəhərində tədbirlər keçirilməsi nəzərdə tutulur.

X əsrdən başlayaraq bir çox Fransa kralının tacqoyma mərasiminin keçirildiyi şəhər kimi tanınan Reyms həm də müxtəlif mədəni tədbirlərin məkanı sayılır. Bu şəhər incəsənət və tarix baxımından Fransa şəhərlərinin Milli siyahısına daxil edilib.

Noyabrın 28-də Reymsdə açılacaq sərginin konsepti tamaşaçılara ilk azərbaycanlı şairə qadının fəlsəfi mahiyyəti ilə diqqəti cəlb edən poeziyası, o dövrün tarixi mühiti, məişəti, geyim nümunələri haqqında təsəvvür yaratmağa xidmət edir. Şəhər merinin, bir çox senetarların iştirakı ilə açılacaq və iki həftəyədək davam edəcək sərgidə Məhsəti Gəncəvinin yaradıcılığına həsr olunmuş batik və xalçalar, miniatürlər, XIX əsrin sonu, XX əsrin əvvəlində Gəncə şəhərində çəkilmiş fotoşəkillər, şairənin ingilis və fransız dillərində nəşr olunmuş kitabları, musiqi diskləri nümayiş olunacaq.

Noyabrın 29-da Reymsin mərkəzi meydanında təşkil olunan Beynəlxalq yarmarkada ölkəmiz də təmsil olunacaq. Azərbaycan pavilyonunda Reymslə qardaşlaşmış Gəncədən gətirilmiş xalçalar, şərablar, meyvələr təqdim olunacaq.

Noyabrin 30-da isə Avropanın ən tanınmış musiqi məbədlərindən sayılan Reyms Konservatoriyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş gecə keçiriləcək. Konsert proqramında klassik Azərbaycan musiqisi ilə yanaşı, xalq artistləri Alim Qasımov, Azər Zeynalov, Samir Cəfərov və başqa mügənnilərin ifasında Məhsəti Gəncəvinin rübailərinə yazılmış mahnılar və şairənin fransız dilinə tərcümə olunmuş rübailəri səslənəcək.

Teqlər: