Azərbaycan İslam incisi – FOTO

Azərbaycan İslam incisi – FOTO
  22 Noyabr 2013    Oxunub:1523
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açılıb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən verilən məlumata görə, Türkiyədə Əskişəhər Osman Qazi Universitetində keçirilən "Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik" mövzusunda beynəlxalq simpozium çərçivəsində DQİDK-nin, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun və Azərbaycan Milli Tolerantlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda tarixi məscidlərin bərpası və yeni məscidlərin inşası ilə bağlı fəaliyyətini əks etdirən və ölkəmizdə İslam memarlığının, İslam dininin yayılmasını tərənnüm edən "Azərbaycan - İslam incisi" adlı fotosərgi açılıb.

Sərginin açılış mərasimində DQİDK sədrinin müavini Gündüz İsmayılov, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun icraçı katibi Elməddin Mehtiyev və Türkiyənin bir sıra rəsmi şəxsləri çıxış edərək bildiriblər ki, sərgidə nümayiş etdirilən məscidlərə təkcə ibadət evi kimi baxmaq doğru deyil. Məscidlərin arasında elələri var ki, onlar Azərbaycan xalqının tarixən mənəvi ocağı olublar. Bu baxımdan onlar xalqımızın daşlaşmış yaddaşıdır. Məsələn, 1918-ci ildə erməni-daşnak quldur dəstələri "Təzəpir" məscidini yandırmaq istəyiblər. Bakının xilaskarı Nuru Paşa bu məsciddə şəhər sakinləri ilə görüşüb, 1990-cı ildə isə 20 Yanvar şəhidləri bu məsciddə yuyularaq kəfənlənib.

Bildirilib ki, Cənubi Qafqazın ilk məscidi, 1918-ci ildə xalqımıza qarşı həyata keçirilmiş soyqırımı zamanı erməni daşnak-bolşevik hərbi birləşmələri tərəfindən yandırılaraq yerlə-yeksan edilmiş "Şamaxı Cümə" məscidi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən bərpa edilərək yenidən qurulub və bu ilin may ayında təntənəli açılışı olub. O da xüsusi vurğulanıb ki, məscidin bərpası Azərbaycan xalqı, o cümlədən, bütün dindarlar üçün təkcə ibadət evinin yenidən qurulması deyil, həm tariximizin, həm milli irsimizin, həm də milli təfəkkürümüzün qorunmasıdır.

Qeyd edək ki, sərgi 1 həftə ərzində Əskişəhər Osman Qazi Universitetində ziyarətçilərə açıq olacaq.

Qalereya




Teqlər:





Xəbər lenti