Dosta zəng etmək olmursa?
İlin-günün bu vədəsində Azərbaycan ədəbiyyatında ümumilikdə bir ajiotaj yaranhayaranda səhərin gözü açılar-açılmaz facebookda xəbər yayıldı: Elçin Hüseynbəylinin “Don Juan” və “Şah Abbas” adlı iki tarixi romanı Türkiyə nəşriyyatlandan birində işıq üzü görmüşdür.
Bilmirəm, xarakterimin zəifmi tərəfidir bu, yoxsa güclümü, amma ölkəmizin bayrağını, adını hər hansı bir başqa dövlətdə təmsil edən hər kəsin uğuruna həqiqətən də sevinirəm və hətta gözlərim dolur belə məqamlarda.
Öz təbrikimi, Kəbutərin salamını çatdırdıqdan sonra yenidən facebooka döndüm və Kəbutərin məyus halını sezməyə bilmədim.
Səbəbini soruşdum.
Gileyləndi.
Elə bir şeydən gileyləndi ki...
Dediklərini bura yazmıram, amma gileyini hopduraraq paylaşdığı statusu hər birinizin görməsini istərdim:
“Azərbaycan ədəbiyyatı təmsilçiləri və dəyərli oxucular, azərbaycanlı yazar Elçin Hüseynbəylinin iki tarixi romanı İstanbulda İleri Yayın Evində işıq üzü görüb, qarnınızdakı qurdları basdırın və müəllifi təbrik edin, telefon nömrəsi 050 ... “
Sözün bitdiyi yer, dəyərli yazarlarımız demiş.
İçimə xəfif bir xof doldu yenə.
Çağdaş Azərbaycan ədəbiyyatının bu gün gördüyümüz ümumi mənzərəsi nə qədər canlı görünsə də bir o qədər ruhsuzdur, etiraf edək.
Bir-birinə qısılan yazarların dəstələri, bir-birini qısnayan dəstələrin başçıları, bir-birini qısqanan başçıların başlarından böyük iddiaları, bir-birindən qısır iddiaların danq-dunq tax-tux, paf-puf, fas-fus səsləri, küyləri, offff bə!
Və bu ac-yalavac canlı bazarın içində orda-burda bir kənara-küncə çəkilib, təkliyinə, yazıçı ruhunun içinə sığınıb yazan, sadəcə yazan barmaq hesabı qədər az olanlar da var.
Onları əvvəlcə görüb hərə öz dəstəsinə çəkməyə çalışar, onlara elektron məktublar yazarlar, təriflər yağdırarlar, zənglər edərlər, müsahibələrində az qala Nobelə ən bariz layiqli namizəd kimi xatırladarlar, amma sonra heç bir kimsəyə yapışmadıqlarını görüb, hər kəs də birdən gözünü çəkər onlardan, yoxmuşlar kimi, olmamışdılar kimi daranacaqlar.
Yazılarını da, varlıqlarını da görməzdən gələrlər.
Yazarlardı hamısı.
Oxucular deyil...
Öncə bu iqnor az qala ostrakizm kimi görünər, ağrı verər, qolu-qanadı qırıb-tökər, ağladar...amma aldadar.
Çünki, sən onların səni sənə göstərmək istədikləri boş ayna şüşəsindəki duman deyilsən və bunu ən çox elə onlar bilirlər – sənin həsəddən parlaq istedadı olmayan bir çox həmkarların.
Və o zaman sən ya ölərsən...
Ya da...ya da sadəcə öz ədəbiyyatını yazmağa, öz yazını yaratmağa davam edərsən.
Səni sənin ən dəyərli oxucuların bir gün mütləq tapacaqlar – zatən onlar da səndən başqa bir kimsəni oxumağın tamarzısı deyillər deyə “oxumayan” sayılırlar.
Eynən sən “yazmayan” kimi sayıldığın tək.
Bir daha ədəbiyyatımızın əsl yazı ustalarını sevərək, onlara hörmətlərimi çatdırmaq istəyərək, onları dəstəkləyərək, ən gözəl əsərlərini oxumaq diləyilə!
Teqlər: