Bakıda dünya premyerası
Mərkəzdən verilən məlumata görə, fəzanın fəth tarixini, insanların ta qədimlərdən səma barədə xəyallarını, kosmosla yarım əsrlik tanışlıq müddətindəki yenilikləri əks etdirən bu sərgi Heydər Əliyev Mərkəzində 3500 kvadratmetr sahədə təşkil ediləcək. Sərgidə 100-dək eksponat nümayiş olunacaq. Bunların sırasında kosmik stansiyalar, kosmosa gedib gəlmiş və digər planetlərdən gətirilmiş orijinal nümunələr, müxtəlif peyklərin hissələri və onların maketləri, kosmonavt geyimləri və aksesuarları, meteoritlər və s. var.
Burada uşaqdan böyüyədək hər bir ziyarətçinin kosmosa qiyabi səyahət imkanı olacaq. Sərgidəki 6 fərqli simulyator vasitəsilə izləyicilər özlərini qısa müddətdə də olsa "fəza"da kosmonavt kimi hiss edə biləcəklər.
İlk dəfə nümayiş olunan eksponatlarla yanaşı, sərgidə Azərbaycanın aerokosmik nailiyyətlərini əks etdirən xüsusi təqdimat da olacaq. Ziyarətçilər burada Azərbaycanın ilk süni peyki və maketlər barədə məlumat əldə edə biləcək.
Qeyd edək ki, ABŞ-ın Kosmik və Raket Mərkəzinin təqdimatında Avropanın bir neçə ölkəsində sərgilər təşkil olunub və onları 1,5 milyondan artıq ziyarətçi izləyib. Bakıda Heydər Əliyev Mərkəzində keçiriləcək sərgi isə bir çox eksponatların ilk dəfə nümayiş olunması ilə yadda qalacaq. 2014-cü il fevralın 23-dək davam edəcək sərgi Bakıdan sonra Paris, Brüssel, Amsterdam, Milan və digər şəhərlərdə də keçiriləcək.
Qeyd edək ki, "Kosmosa səyahət" sərgisi Heydər Əliyev Mərkəzinin elm və təhsil sahəsindəki layihələri çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil olunub. İnformasiya texnologiyaları istiqamətində nailiyyətləri dəstəkləyən və bu sahəyə töhfə verən sərgi kosmonavtika üzrə maarifləndirmə, Azərbaycanın İKT sahəsinin inkişafına və geniş tətbiqinə yönəlmiş strategiyasının yayılması məqsədi daşıyır.
Teqlər: