Bilmədiyimiz Ebru sənəti - FOTOLAR

Bilmədiyimiz Ebru sənəti - FOTOLAR
  08 Noyabr 2013    Oxunub:10987
Boya suyun üstünə damcı-damcı tökülür, sənətkar fırçasıyla bu damcıları müxtəlif formalara salır və sonda rəngarəng rəsm əsəri yaradır. Bu, Ebru sənətidir.

Bu sənətin dəqiq harada, neçənci əsrdə yaranması haqda bir sıra ehtimallar var. Bunlardan biri Ebrunun 9-10-cu əsrlərdə Çində yaranmasıdır. 12-ci əsrdən başlayaraq Ebruya Yaponiyada da rast gəlinib. Sonradan İpək yolu vasitəsilə 16-cı əsrdə Türküstana gələn bu sənətə həmin müddət ərzində müxtəlif adlar verilib. Yaponiyada “suminaqaşi” və “beninaqaşi” adı ilə tanın bu sənət sonrakı əsrlərdə çağatay türkcəsində “ebre” adlandırılıb.

16-cı əsrdə Səfəvi dövlətinə çatan Ebru burada “ebri” adlandırılıb. Səfəvi-Osmanlı müharibəsindən sonra bu sənətin ustaları İstanbula sürgün edildiyindən, onun mərkəzi də Osmanlıya köçüb, Səfəvidə isə incəsənət qolu kimi zəifləməyə başlayıb. Bundan sonra Ebru sənəti əsasən Osmanlı mədəniyyətinin bir parçası kimi inkişaf edib, amma Azərbaycan ərazisində də tam aradan çıxmayıb.

Ebru haqqında türk dilində yazılan ilk kitab “Tertib-i Risâle-i Ebrî” adlanır. Ebrunun yaranması prosesi də çətin və maraqlıdır.

İlk olaraq qeyd edək ki, Ebruda tamamilə təbii materiallardan istifadə olunur. Rəsm qatılaşdırılmış su üzərində çəkilir. Rəsmi çəkən zaman suyun üstünə toz qonmamağına diqqət etmək lazımdır. Bu zaman suyun üzərində tökülən boyaları fırça ilə lazımi formaya salmaq çətinləşir və rəsmin keyfiyyəti ölür. Ebrunun boyaları isə əsasən torpaqdan hazırlanır. Onun tərkibinə inəyin ödü qatılır ki, boya həm incəlsin, həm də suyun üzərində qalsın. Suyu qatılaşdırmaq üçün isə gəvən ağacı adlanan təbii tikan otundan istifadə olunur. Su üzərindəki boyalara müxtəlif forma verən fırça isə at tükündən əldə edilir.

Azərbaycanda da bu sənət növü ilə məşğul olanlar var. Lakin Ebru ayrıca sənət növü kimi Azərbaycan incəsənətində yoxdur. Bunu Rəssamlar İttifaqının Referantı, sənətşünaslıq üzrə namizədi Ofelya Mirzəzadə deyib. “Ebru sənəti Türkiyə incəsənətinə məxsusdur. Azərbaycanda müxtəlif sənət növləri akvarel, miniatür var, lakin ebru yoxdur”.

Buna baxmayaraq Azərbaycanda Ebruya kifayət qədər maraq var. Bu sənətlə peşəkar və həvəskar məşğul olanların sayı az deyil. Təsadüfi deyil ki, ötən gündən başlayaraq Azərbaycan Milli İncəsənət Muzeyində bu sənətə həsr olunmuş sərgi keçirilir.

“Nargis” jurnalının və “Palmali” şirkətlər qrupunun dəstəyi ilə Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi tərəfindən keçirilən sərgidən bir neçə fotonu sizə təqdim edirik:

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti