Ənənəvi Yaponiya musiqisi konserti keçirildi

Ənənəvi Yaponiya musiqisi konserti keçirildi
  28 Oktyabr 2013    Oxunub:1507
Bu gün Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Yaponiyanın ölkəmizdəki səfirliyi və Yaponiya Fondunun təşkilatçılığı ilə ənənəvi Yaponiya musiqisi konserti təqdim edilib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe Azərbaycanın təkcə təbii ehtiyatları ilə deyil, insan resursları ilə də zəngin olduğunu bildirərək bunun çox mühüm amil olduğunu qeyd edib.

Hər bir ölkənin gələcəyi bu resursların səmərəli istifadə olunmasından asılı olduğunu söyləyən S.Vatanabe iki ölkə arasında əlaqələrin bir çox sahələrdəki əməkdaşlıqla daha da zənginləşəcəyini diqqətə çatdırıb.
Ölkələr arasında mədəniyyət sahəsindəki əməkdaşlığı daha da genişləndirməyin əhəmiyyətinə toxunan səfir bu əməkdaşlığın gələcək inkişafı baxımından bu cür tədbirlərin təşkil olunmasının vacibliyini vurğulayıb.



Konsertdə Yaponiyanın tanınmış ifaçısı Şiniçi Kinoşito geniş konsert proqramı ilə çıxış etdi.

Ş.Kinoşito dünya səhnələrindəki çıxışları kimi, bu dəfə də ənənəvi Yaponiya musiqisinin incilərini tamaşaçılara təqdim etdi.
Öz ifası ilə dünyaya səs salan Ş.Kinoşito Azərbaycan tamaşaçılarına unudulmaz gecə bəxş edib.
Yüksək səhnə mədəniyyəti ilə musiqisevərlərin rəğbətini qazanan yaponiyalı musiqiçi Bakıda olmağından məmnunluğunu dilə gətirərək deyib: “Bu konserti çoxdan gözləyirdim. Burada çıxış etmək böyük məsuliyyət tələb edir. Ümidvaram ki, konsertə gələn insanlar da bizim hazırladığımız proqramdan məmnun qalacaq”.
Ş.Kinoşito, xanım Reika Maisukasi və vodaiko ifaçısı (Yaponiya davulu) Kenici Koizumi ilə birgə daha da parlaq və valehedici ifa nümayiş etdi.
Caz və rok musiqiçiləri ilə birgə dəfələrlə çıxış etmiş Ş.Kinoşito dünya vətəndaşıdır. O, yorulmadan qastrol səfərlərinə çıxaraq Yaponiya musiqisini dünyanın, demək olar ki, hər bir guşəsində tanıdıb.
Ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq məşhurlaşan Ş.Kinoşito əsasən Şərqin musiqi mədəniyyətinə sədaqətini qoruyub saxlayaraq, orijinal bəstəkar, özünəməxsus ifaçı kimi uğur qazanıb.


Teqlər:  





Xəbər lenti