AFFA-nın lisenziya verdiyi klublar bilindi

  12 May 2018    Oxunub : 1148
AFFA-nın lisenziya verdiyi klublar bilindi
Mayın 12-də AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
İclasda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində və Premyer Liqada iştirak etmək üçün müraciət etmiş futbol klublarının sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2017) 8-ci maddəsinə əsasən aparılan müzakirələrdən sonra UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Sumqayıt” və “Zirə” klublarına lisenziya verilib. “Kəpəz”ə isə lisenziya verilməyib.

Premyer Liqada iştirak etmək üçün “Keşlə”, “Kəpəz”, “Sabah” və “Səbail” klublarına lisenziya verilib. “Binə”, “Xəzər”, “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan”, “Şüvəlan” və “Zaqatala”nın müraciətləri uğursuz olub.

Lisenziya iddiaçısı müraciətinin qəbul olunmaması barədə verilən bildirişin tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydalarında əks olunmuş tələbə əsasən, UEFA-nın klub yarışlarında iştirak edən komandalar müvafiq lisenziya əldə etməlidir. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidir. Qaydalardan biri “Üçillik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl üç il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir. Məlum olduğu kimi, “Keşlə” komandası “İnter”in davamçısı qismində Azərbaycan Premyer Liqasında iştirak edir. AFFA bu məsələ ilə bağlı “Keşlə”yə istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Keşlə” tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Hazırda UEFA təqdim olunmuş sənədlərin araşdırılması ilə məşğuldur və yaxın zamanda rəsmi cavabı AFFA-ya ünvanlayacaq. Bunu nəzərə alaraq, “Keşlə”yə lisenziyanın verilib-verilməməsi ilə bağlı qərar yaxın günlərdə qəbul olunacaq.

2018-2019-cu il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik qaydada eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış olur.

AzVision.az

Teqlər: AFFA