AFFA-nın Klublar Komitəsini iclası keçirilib

  01 May 2018    Oxunub : 904
AFFA-nın Klublar Komitəsini iclası keçirilib
Bu gün AFFA-nın Klublar Komitəsini növbəti iclası keçirilib.
AzVision.az-ın AFFA-nın saytına istinadən xəbərinə görə, iclasda AFFA-nın baş katibi Elxan Məmmədov və Topaz Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edib.

Klub futbolu ilə bağlı aktual məsələlərin müzakirə olunduğu iclasda Elxan Məmmədov bildirib ki, komitənin daha öncəki toplantılarında aparılmış müzakirələrə əsasən və Topaz Premyer Liqasında çıxış edən futbolçuların ətraflı statistik göstəricilərinin əhəmiyyətini, həmçinin əksər klubların daha əvvəl də “İnstat” şirkəti ilə əməkdaşlığını nəzərə alaraq Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası danışıqlardan sonra bu şirkətlə iki illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, “İnstat” şirkəti növbəti iki mövsüm ərzində bütün milli komandaları, Premyer Liqa klublarını və AFFA-nın Gənclər Liqasını oyunların hesabatı, videoanaliz, statistika, fitness və s. göstəricilərlə təmin edəcək. AFFA layihənin bütün xərclərinin ödənilməsini öz üzərinə götürüb.

Bundan əlavə, baş katib bildirib ki, klublar dəfələrlə top təminatı ilə bağlı sərfəli təkliflərin araşdırılması, bu məsələ ilə bağlı sponsor tapılması barədə məsələ qaldırıb, AFFA-ya müraciətlər olunub. Bunu nəzərə alaraq, AFFA klublar üçün münasib olacaq müxtəlif variantları nəzərdən keçirib və Nike şirkətindən müsbət cavab alıb. Nike şirkəti ilə AFFA arasında mövcud olan müqaviləyə uyğun olaraq, şirkət tərəfindən assosiasiyaya hazırda Avropanın bir sıra aparıcı futbol çempionatlarında istifadə olunan seriyaya aid toplar veriləcək və AFFA növbəti mövsüm üçün həmin toplardan ödənişsiz olaraq Topaz Premyer Liqası klublarına təqdim edəcək.

AzVision.az

Teqlər: AFFA