Avropa Şurası sünnətə qarşı
AzVision.az xəbər verir ki, qərarda qeyd olunur ki, tibbi olaraq sünnətə ehtiyac yoxdur və bu, uşaqların özünün izni olmadan icra edilməməlidir.
AŞ PA-nın Sosialist fraksiyasının alman parlamentarisi Marlin Rapreşt tərəfindən hazırlanan “Uşaqların fiziki bütövlük haqqı” adlı hesabat və qanun layihəsi 77 səs lehinə, 19 səs əleyhinə və 12 səs bitərəf olmaqla qəbul edilib.
M.Rapreşt qanunun dini haqları məhdudlaşdırması ilə bağlı iddiaları da əsassız hesab edib. O bildirib ki, məqsədi hər hansı məhdudlaşdırma deyil, dialoqlar başlatmaqdır.
Azərbaycanın da Avropa Şurasına üzv olduğunu nəzərə alaraq Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Hadı Rəcəblidən AŞ PA-nın qəbul etdiyi qanunla bağlı fikirlərini öyrəndik.
Millət vəkili qeyd etdi ki, bu qanun Azərbaycana şamil edilə bilməz:
“Azərbaycan Avropa Şurasının qanuni yaradıcılığında bizim öhdəliyimiz yoxdur. Bizim milli mənəvi dəyələrimiz var. Bu məsələlərdə Avropa Şurası bizim üçün göstərici deyil və göstəriş verə bilməz. Biz o qanunlara qoşulmuş olsaydıq onda bizə də şamil oluna bilərdi”.
Həqiqətən sünnət tibbi olaraq lazımsızdır? Dinin bu tələbinin sağlamlıq üçün xeyri, yaxud da ziyanı varmı? Suallarımızı cavablandıran professor Adil Qeybulla deyir ki, bəzi xəstəliklərin müalicəsində sünnət hətta zəruri olaraq icra edilir: “Tibbi olaraq gigiyenik baxımdan sünnət önəmlidir. Fimozlarda, bəzi xəstəliklərdə hətta bu, zəruri olaraq həyata keçirilir. Amma bunun kütləvi şəkildə həyata keçirilməsi dini faktorla bağlıdır. Sünnət olunmamağın sağlamlığa heç bir mənfi təsiri yoxdur. Hesab edirəm ki, Azərbaycan belə qərarın qəbul olunmasına psixoloji baxımdan hazır deyil. Düşünmürəm ki, bununla bağlı hər hansı qanun qəbul olunsun. İnanmıram ki, Avropa Şurasının qəbul etdiyi qərarın müsəlman ölkələrində hüquqi önəmi olsun”.
Fatimə Kərimli