Azərbaycanda korrupsiya ilə mübarizəyə yüksək qiymət verilib
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının məlumatına görə, hesabatda Azərbaycanda korrupsiyaya qarış mübarizə sahəsində həyata keçirilən siyasət ümumən təqdirəlayiq hesab edilib və bu sahədə əldə edilmiş nailiyyətlər vurgulanıb. Dəyərləndirmə Azərbaycanda antikorrupsiya siyasəti, antikorrupsiya qanunvericiliyi və korrupsiyanın qarşısının alınması istiqamətləri üzrə həyata keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq etdiyi Açıq Hökumətin təşviq edilməsinə dair və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planları, Prezidentin təşəbbüsü ilə yaradılan və artıq uğurla vətəndaşlara xidmət göstərən “ASAN – Xidmət” Mərkəzlərinin fəaliyyəti və elektron xidmətlərin əhatəsinin genişlənməsi ilə bağlı imzaladığı fərman və sərəncamlar bu sahədə ölkə rəhbərliyinin möhkəm siyasi iradəsi kimi göstərilir. Azərbaycanda korrupsiya qarşı mübarizə ilə bağlı qanunvericiliyin bütün beynəlxalq tələblərə cavab verməsi xüsusilə vurğulanır və bu sahədə təşkilat tərəfindən əvvəl müəyyən edilmiş bütün tövsiyələrin tam icra edildiyi bildirilir.
Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər, onun modeli və ona xüsusi olaraq korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyəti səlahiyyətinin verilməsi mütərəqqi təcrübə kimi göstərilir.
Şəffaflığın təmin edilməsi ilə bağlı Dövlət Neft Fondunun Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (EITI) aktiv iştirakı xüsusilə qeyd edilir. Korrupsiyaya qarşı mübarizə tədbirlərinin hazırlanması, icrası və monitorinqinə vətəndaş cəmiyyəti üzvlərinin cəlb edilməsi və bu əməkdaşlığın daha da möhkəmlənməsini nəzərdə tutan “Vətəndaş İştirakçılğı haqqında” qanun layihəsinin parlamentdə iki oxunuşdan keçməsi müsbət hal kimi qeyd edilir.
Hesabatda həmçinin müxtəlif sahələr üzrə tövsiyələr də müəyyən edilmişdir. Bu tövsiyələr korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya qarşı mübarizə ilə bağlı dərin araşdırma və sorğuların aparılması və sair məsələləri əhatə edir.
OECD-nin Baş Qərargahında keçirilən İclasda OECD-nin rəhbər heyəti ilə yanaşı, OECD üzv ölkələrinin və ATƏT, Avropa Şurası, Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Bundan əlavə, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya bildirir ki, bu il iyulun 9-da “Transparency İnternational” təşkilatının açıqladığı “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı da Azərbaycanda Korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını təsdiq etmişdir. Belə ki, hesabata əsasən demək olar ki, ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalmışdır. Azərbaycanda respondentlərin 73%-i hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi artmayıb. 68% respondent isə hesab edir ki, Azərbaycanda dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəlidir. Bu isə hesabatda qeyd edilən dünya ölkələri üzrə müəyyən edilmiş 22% orta göstəricisindən 3 dəfə artıqdır.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlər davam etdiriləcək və ictimaiyyətə mütəmadi məlumat veriləcəkdir.
Teqlər: