“Əl işimi Mikayıl Cabbarov aldı...” - İki kimsəsiz gəncin həyat dramı (FOTOLAR+VİDEO)

“Əl işimi Mikayıl Cabbarov aldı...” - İki kimsəsiz gəncin həyat dramı (FOTOLAR+VİDEO)
  15 Yanvar 2018    Oxunub:34792
Bəzən həyat insanı çətin sınağa çəkir. Kimini pulla, kimini də ailəsi ilə. Nə qədər çətin olsa da, sonda iradəli və dözümlü olanlar bu sınaqdan qalib ayrılır. Müsahibimiz Dəniz və Nəzrin kimi. Onlar uşaq yaşlarından valideyn himayəsindən məhrum olublar. Hər ikisi internat evində böyüyüb. Çətin günlər keçirən Dəniz və Nəzrinin qismətində sonda ömür-gün yoldaşı olmaq da varmış.
1989-cu il təvəllüdlü Dəniz Surkov Bakı şəhərinin Sabunçu rayonunda anadan olub. Anası və bacısı ilə birlikdə Sabunçu rayonunda köçkünlər üçün nəzərdə tutulan yarımtikilidə yaşayıb. 6 yaşındaikən küçədə oynayan zaman polislər tərəfindən saxlanılıb, Lənkərandakı Osman Mirzəyev adına qarışıq tipli uşaq evinə təhvil verilib.



“Müharibə dövrü idi. Həyətdə oynayan zaman məni tutub, uşaq evinə apardılar. 6 yaşından 18 yaşına qədər mənə dövlət baxıb, heç bir qohumumun üzünü görməmişəm. Əsgərlikdən sonra yenidən internat evinə qayıtdım. Daha sonra isə Bakıya gəlib, bir müddət “Qara Qarayev”də yerləşən yataqxanada qaldım. Ordan sonra isə “Məzun evin”ə yerləşdim”.



Dəniz 12 il yaşadığı internat evinin həbsxananı xatırlatdığını deyir və bu haqda danışmaq istəmədiyini bildirir: ““Məzun evi” haqqında qəzetdə oxumuşdum. Yazmışdılar ki, uşaq evinin məzunları üçün bina tikilir. Müraciət etdim, bir ildən sonra məni çağırdırdılar ki, ev verilib və bura köçə bilərsən. Evlər təmirli, təmiz və mebellə təmin olunmuş vəziyyətdə idi. Bakıda mağazada fəhlə işləyirdim, ayda 300 manat maaş alırdım. Gediş-gəliş çətin idi. “Məzun evi”nin direktorundan xahiş etdim ki, mənə iş versinlər və onları peşman etməyəcəm”.



Dəniz hazırda uşaq evinin sakinləri üçün tikilən “Məzun evi”ndə bağban işləyir. Uşaqlıq illəri məşəqqətli keçən Dənizin üzünə həyat elə bundan sonra gülməyə başlayıb.



“Yoldaşımla tanışlığım bura köçəndən sonra oldu. Onun əşyalarını daşımağa kömək edirdim. Onu gördüm, xoşuma gəldi. Yaxın adamlardan onun haqqında soruşdum. Hamı dedi ki, yaxşı insandır, namaz qılandır. Sonra onu parka aparıb, söhbət etdim. Mənimlə evlənməyə razı oldu. Toy məsələsində onun istədiyini etdim. Nəzrin dini toy istədiyini bildirdi, mən də razılaşdım. Həyatda onun qədər mənə əziz olan heç kim yoxdur. Valideynim olmasa da, həyat yoldaşım mənim həm ailəm, həm də valideynimdir. 3-5 manat qazansam, onu pis şeyə vermirəm, ailəm üçün xərcləyirəm”.

Dəniz və Nəzrinin toyu 2016-ci ilin avqustun 15-də baş tutub. Bir il sonra oktyabrın 25-də onların Nərgiz adlı qızları dünyaya gəlib.



Nəzrin də Dəniz kimi internat evində böyüyüb. 1991-ci il təvəllüdlü olduğunu deyən Nəzrin 3 yaşına qədər Mərdəkanda yerləşən uşaq evində, 3 yaşından sonra isə 11 saylı xüsusi internat evində qalıb.

“Atam, anam yoxdur, yetim uşaq olmuşam. İnternatda 18 yaşıma qədər qalmışam. Fransızların həyata keçirdiyi layihə nəticəsində məni Fransaya aparıb, gözümü əməliyyat ediblər. Orada 10 gün qaldıqdan sonra yenidən internat evinə qayıtmışam. 18 yaşım tamam olanda direktorumuz Gülnarə Abdullayeva bizə “Məzun evi”ndən söhbət açdı və onunla birlikdə ərizə yazdıq. Bizi qəbul etdilər və yeni evə köçdük. Dövlət bizə bu evi verməsəydi, harada qalacağımızı təsəvvür belə edə bilmirdim”.

İnternat evində toxuculuq sənətini öyrənən Nəzrin bunun sayəsində pul qazandığını söyləyib. Nəzrinin dediyinə görə, onun əl işini indiki vergilər naziri Mikayıl Cabbarov alıb.

“İnternatda oxuyan zaman toxuculuq sənətini öyrəndim. Güllər toxuyurdum, muncuqlardan əl işləri hazırlayırdım. Hətta bir dəfə sərgiyə təqdim etdiyim əl işini Mikayıl Cabbarov aldı. İndi həvəsim olmadığı və uşağa baxdığım üçün toxuculuğu dayandırmışam”.



İşinə böyük həvəsi olan Dəniz həyatda hər şeyin insanın öz əlində olduğunu söyləyib. Bildirib ki, kimsə işsiz qalır və işindən qovulursa, bunda həmin insanın özü günahkardır.

“Kimlərinsə işi yoxdursa, günah özlərindədir. İşə vaxtında gəlmir, səhlənkarlıq ucbatından iş tapa bilmirlər. Çox peşə öyrənmişəm. 15 yaşında maşın sökmək dəb idi, sürücülük məktəbində maşın düzəltməyi öyrənirdim. Bundan sonra şirə zavodunda alətləri işlətməyi öyrəndim. Bunları özüm üçün edirdim. İndi bu işləri bildiyim üçün hansısa işə gedəndə əlimdən hər iş gəldiyini deyirəm. Şükür olsun ki, bu gün də işim var”.

Bir ildən çoxdur ailə həyatı quran iki gəncin qapısını açan, onları ziyarət edən yalnız internat uşaqları və “Məzun evi”ndən olan qonşularıdır.

“Qonaqlarımız qonşularımızdır. Hamısı internat uşaqlarıdır. Dövlət adamları da bizə baş çəkir. Bizi unutmayan insanlar evimizə gəlir. İnsan insanı unutmasın, gərək dayaq olsun və həmişə gəlib baş çəksin”, - müsahiblərimiz deyib.

Onlar da unutmurlar: nə keçmişi, nə də bu günü. Dəniz və Nəzrin üçün acı xatirələrlə dolu keçmiş geridə qalıb, onlar ancaq xoşbəxt gələcəyə doğru addımlayırlar. Cütlüyün ən böyük arzusu qızları Nərgizə təhsil vermək, onu cəmiyyət, millət üçün xeyirli övlad yetişdirməkdir.

Aytən Zəhra
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Uşaq-evi   Ailə  





Xəbər lenti