Yol polisi reydlərə başladı
Reydlərdə əsasən sürücülük vəsiqəsi və digər lazımi sənədləri olmayan 41 sərnişin avtobusu aşkar edilərək yol hərəkətindən kənarlaşdırıldı və müvəqqəti mühafizə olunan dayanacaqlara aparılıb. Yoxlamalar zamanı avtobusların qeydiyyat şəhadətnaməsi olmadan idarə edilməsinə daha çox təsadüf edilir. Yəni, bu sərnişin avtobusları qeydiyyat şəhadətnamələri olmadan xəttə buraxılıb. Bundan başqa, paytaxtın avtobus dayanacaqlarından kənarda, yolların hərəkət hissəsində, ikinci cərgədə dayanmış 110 avtobus sürücüsü barəsində inzibati protokol tərtib edilib. Reydlər zamanı sərnişinlə dolu yanacaqdoldurma məntəqəsinə daxil olduğuna görə 2, işıqforun qırmızı işığında hərəkət edən 3, üfüqi nişanlanma xəttinin, yəni qoşa xəttin tələbini pozub əks istiqamətli yol zolağına daxil olan 6, yolayrıcılarını keçmə qaydalarını pozan 9, nəqliyyat vasitəsini qapıları açıq vəziyyətdə idarə etdiyinə görə 1, texniki baxışdan keçməyən 8 avtobus sürücüsü barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edildi.
Plana əsasən bu gündən etibarən tədbirlərin keçirilməsi mütəmadi davam etdiriləcək. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək bildirir ki, yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi və yol hərəkətində təhlükəsizliyin təmin edilməsi məqsədilə avtobus sürücüləri arasında təbliğat işlərinə diqqət artırılsın, dispetçerlər ayrılsın, marşrut boyu dispetçerlərin köməyindən istifadə edərək sürücülərin hərəkətləri nəzarətdə saxlanılsın. Dispetçerlər marşrut boyu avtobusların hərəkətinə nəzarəti gücləndirməli, sükan arxasındakı sürücülərin yolda xəbərsiz dəyişdirilməsinə imkan verməməlidirlər. Sürücülər ilk avtobus dayanacağından sürücülük vəsiqəsi ilə çıxır, son dayanacağa çatmamış artıq onların sürücülük vəsiqəsinin olmadığı aşkar edilir. Bütün bunların hamısı sürücülərin nəzarətsiz olduğundan, bir-birilərini özbaşına dəyişdirdiyindən xəbər verir.
Sərnişindaşımada nizam-intizamın tam yaradılması üçün bu sahə ilə məşğul olan hüquqi və fiziki şəxslərin yəni, sərnişinlərin də üzərinə böyük məsuliyyət düşür. Onlar da bu problemin kökündən həll edilməsi üçün öz üzərilərinə düşən funksional vəzifələri yerinə yetirməlidir deyə Əsədov əlavə edib.
Teqlər: