Hüsnün mübarək, Misir!

Hüsnün mübarək, Misir!
  24 Avqust 2013    Oxunub:1246
Misir deyəndə ağlımıza nəhəng piramidaları, sirli-sehrli Sfinksi olan qədim tarixli müasir bir ölkə gəlirdi əvvəllər. Bu, o əvvəllər idi ki, Şərqin milyonlar qazanan və qazandıra biləcək neft qoxulu dövlətləri özünün İraq, Liviya, Suriya kimi nümunələri ilə parlaq görünür, kənardan baxan gözləri qamaşdırırdı.
Fironları ilə tarixə imza atan Misir. Kölələri ilə Sfinks yüksəldən ölkə. Piramidaları ilə fironlarının ölüsünü belə qızıla tutub qoruyan xalq. İndi özündən çıxan, özündən kənara çıxdığı üçün də özünü içdən görə bilməyən, özünü darmadağın edən millət. Aldanan, aldadılan kütlə. Ağdərililərin ilk müdaxilələri illərində, öz ölkələrindən perik düşmüş, sürgün olunmuş avropalıların verdikləri şüşə muncuqların işıltısına aldanıb, onların müqabilində gəmi dolusu xəz, fil sümüyü, timsah, ilan dərisi verən, sonra yaşadığı, doğulub böyüdüyü, nəsil artırdığı torpaqlarını da verməyə məcbur qalan, nizəsi-sapandı ilə dirəndikcə, odlu silahla ram edilən, ölən, azalan, çəkilən, yerini yersizlərə buraxan meşələr, cəngəlliklər sakinləri düşür yada istər-istəməz.

Onlar da irokezlər, mogikanlar və s. qəbilələrə bölünüb, üstlərinə gələn yadellilərin gözləri qarşısındaca bir-birlərini məhv edirdilər, yadınızdamı? Missionerlərin, quldarların, insan alıb-satanların bazar meydanına çevrilmişdi o cəngəlliklər. Bu günün Misiri həmin cəngəllik hindularının əhvalını xatırladır.

Kökündə, qanında, genində fironluq və bir də firona xidmət meylləri olan bu ölkəni demokratiya adına darmadağın eləmək, qanına qəltan buyurmaq ən yaxşı halda ona namərdcə, arxadan hücum etməkdir, ən pis halda bilmirəm. Məncə bu dəqiqə bunu dünyanın heç bir politoloqu, heç bir siyasi və ictimai xadimi belə tam dəqiqliyi ilə bilmir.

Bu günün Misirində evlər dağılır, insanlar qırılır, küçələr sözün həqiqi mənasında qanla suvarılır. İnsan qanıdır bu. Sənin, mənim, onun, bizim, sizin, onların qanı. Eramızdan əvvəldən başlayaraq, ən müxtəlif xalqların hücumuna məruz qalmış, ən müxtəlif işğalların altında yaşamağa vadar edilmiş, ən müxtəlif mədəniyyətlərin təcavüzünə uğramış Misir necə də saxlamışdı özünü, özünün ruhunu, ruhunun mahiyyətini ! İndi isə...

İndi Misirə heç bir açıq hücum yoxdur, heç bir hərb elan edilməyib, heç bir qoşun dirənməyib onun sərhədləri boyunca özünün işğal məqsədi ilə. İndi Misirin öz qılıncı öz başına enir. Misir ölür. Özünü, ruhunu, mahyyətini öz əlləri ilə doğrayır, parça-parça edir, it payı kimi tökür-səpir küçə və meydanlar boyunca. Şərqin bütün digər xalqları kimi, qədim ədəbiyyata, yazıya, oxuya malik olan, ədəbiyyatında bilik, elm, maarifçilik, əxlaq, müdriklik aşılayan, öyrənən, öyrədən xalq...

Hər zaman uzaq bir nağıl kimi şirin görünən ölkə, bir gün mütləq gedəcəyim, piramidalarını yaxından görəcəyim, Sfinksinə toxunacağım, fironlu-köləli, fərqi yoxdur, amma səmimi və saf insanları ilə tanış olacağım, əzizləyəcəyim, könül dolusu sevəcəyim Misir... Ayıl, nə olar!!!


Teqlər:





Xəbər lenti