Qadınların evdən çıxmasına qadağa

Qadınların evdən çıxmasına qadağa
  18 May 2015    Oxunub:3533
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Ramazan ayında İraqın şimalında yerləşən Mosul şəhərinin sakinləri üçün bir sıra qadağalar tətbiq edib.
Bu barədə AzVision.az “Rudaw” agentliyinə istinadən xəbər verir.

“Ramazan ayı ərzində işçilər cəmi iki saat işləyəcək. Günün qalan hissəsini isə onlar dini ibadətlə məşğul olmalıdırlar. İŞİD-in yeni qaydalarına əsasən Ramazan ayı ərzində qadınlara evdən çıxmaq qadağan edilir”, - deyə mənbə bildirib.

Lakin mənbə bu qaydaları pozanlara qarşı hansı cəzanın tətbiq ediləcəyini açıqlamayıb.

Yeni qadağalar yerli telekanallar vasitəsilə yayımlanıb, həmçinin şəhərin küçələrində müvafiq bannerlər asılıb.

Daha əvvəl İŞİD Mosulda kişilərin üzlərini təraş etməsini qadağan etmişdi.

Qeyd edək ki, 2015-ci ildə Ramazan ayı iyunun 18-i başlayır və 30 gün – iyulun 17-ə qədər davam edir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti