Rusiyadan `Bakı-2015`lə bağlı qərar

Rusiyadan `Bakı-2015`lə bağlı qərar
  10 Aprel 2015    Oxunub:2858
Rusiya Olimpiya Komitəsi (ROK) Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında iştirak edəcək milli komandanın ilkin heyətini təsdiqləyib.
Bu barədə jurnalistlərə ROK-nın prezidenti Aleksandr Jukov təşkilatın icraiyyə komitəsinin iclasından sonra məlumat verib.

A.Jukov deyib: “Bu gün biz komandamızın təxmini heyətini, onun formalaşdırılması prinsiplərini təsdiq etmişik. Avropa oyunlarına idmanın bütün növləri üzrə ən güclü idmançılar gedəcəklər. Yalnız voleybol istisna təşkil edə bilər, lakin ikinci heyət əsas heyətdən o qədər də zəif deyil. Bakıya həmçinin ən güclü qılıncoynadanlarımız gedəcək, çünki bu il onların dünya çempionatı keçirilir”.

Rusiya yığmasının ilkin siyahısına 360 idmançı daxil edilib.

ROK rəhbərinin sözlərinə görə, Rusiya yığması Birinci Avropa Oyunlarında ümumi komanda hesabında birinci yer uğrunda mübarizə aparacaqdır.

A.Jukov deyib: “Əsas vəzifəmiz qeyri-rəsmi komanda hesabında qələbə uğrunda mübarizə aparmaqdır”.

2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Avropa Oyunları Avropa qitəsinin tarixində ilk oyunlardır.

Ümumiyyətlə, 2015-ci ildə Bakıda 20 idman yarışı – idmanın olimpiya növləri üzrə 16 və qeyri-olimpiya növləri üzrə dörd yarış keçiriləcəkdir. Avropanın hər yerindən gələcək altı mindən çox idmançı yarışların keçiriləcəyi 17 gün ərzində öz ölkələrini təmsil edəcəkdir.

Bakı 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən Avropa Oyunlarını keçirmək şərəfinə layiq görülüb. (Azərtac)


Teqlər:





Xəbər lenti