“Kremlin hədələri işə yaradı”

“Kremlin hədələri işə yaradı”
  03 May 2013    Oxunub:1333
İrlandiya Rusiya məmurlarını “Maqnitski sanksiyaları” ilə cəzalandırmaqdan imtina etdi.
İrlandiya Parlamentinin beynəlxalq məsələlər üzrə komitəsi, Hermitage Capital fondunun auditoru Serqey Maqnitskinin qətlinə görə Rusiya məmurlarına qarşı viza sanksiyaları tətbiq etməkdən və onların hesablarını dondurmaqdan imtina edib. Deputatlar, sadəcə olaraq Rusiya tərəfini hüquqşünasın qətlinin araşdırılması işlərini bərpa etməyə çağırmaqla kifayətləniblər. AzVision.az İrish Times-ə istinadən xəbər verir.

Komitə rəhbərliyi bəyan edib ki, belə bir qərarı “şantaj”-a cavab kimi qiymətləndirmək olmaz. Bu qərar İralndiya hökumətinin insan haqları ilə bağlı götürdüyü öhdəliklərə tam uyğundur.

Xatırladaq ki, Rusiyanın İrlandiyadakı səfiri Maksim Peşkov cari ilin mart ayında komitəyə məktub göndərərək İrlandiya hökumətini hədələmişdi. Məktubda bildirilirdi ki, rəsmi Moskva “ Maqnitskiy sanksiyaları” tətbiq etmək istiqamətində atılan istənilən addıma cavab olaraq rus uşaqların övladlığa götürülməsinə qadağa qoyacaq.

İrish Times yazır ki, Rusiyadan övladlığa uşaq götürən ailələr komitə üzvləri və senatorlarla əlaqə yaradaraq mümkün qadağa ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Valideynlərlə söhbət aparan senatorardan biri bəyan edib ki, Rusiya hökuməti belə bir addım atdığına -“uşaqlardan sui-istifadə etdiyinə” görə utanmalıdır. O, parlament komitəsinin hazırki qərarını “siyasi reallıq” adlandırıb. “Hər şeyin öz axarı ilə davam etməsi üçün məsələlərə realist yanaşmaq lazımdır” –deyə senator bildirib.

Rusiya müxalifəti isə məsələyə sərt reaksiya verib: ”Avropa İttifaqının fəaliyyətdə olan sədri İrlandiya, birmənalı şəkildə kremlin hədələrindən , ondan gələ biləcək təhlükələrdən çəkindi. Böyük təəssüf hissi ilə deyə bilərik ki, Putin rejiminin şantajı işə yaradı”, deyə müxalifətin koordinasiya şurasının üzvü Vladimir Kara-Murza Fransanın RFİ radiosuna müsahibəsində bildirib.

“Lakin məsələnin pozitiv tərəfi də var, əgər belə demək olarsa , Qərbdə və ya Avropa İttifaqında Putin rejiminin əsl üzü barədə müəyyən təsəvvürlər vardısa indi hər şeyi açıq aydın görmək mümkündür”- müxalifət nümayəndəsi əlavə edib.

Xatırladaq ki, Birləşmiş Ştatlarda “ Maqnitskiy aktı” dekabr ayında qəbul edilib və Rusiya məmurlarının qəzəbinə səbəb olub. Odur ki, cavab tədbirləri çərçivəsində Dövlət Duması amerikalılara rus uşaqları övladlığa götürməyi qadağan edib. Aprel ayının ortalarında “Maqnitski siyahısı”nın məşhur fiqurantlarının, 18 rus məmurun adları açıqlanıb. Buna cavab olaraq Rusiya XİN-i Amerika vətəndaşlarının Rusiyaya səfərini qadağan edən siyahını açıqlayıb. Həmin siyahıya da 18 Amerika vətəndaşının adları daxil edilib. Siyahı iki hissədən ibarətdir - “Quantanamo siyahısı” və “ Xarici ölkələrdə Rusiya vətəndaşlarının hüquq və azadlıqlarının tapdalanmasında əli olan şəxslərlə bağlı olanların siyahısı”.

“Maqnitskiy siyahısı” açıqlanandan sonra, Estoniya bəyan etdi ki, bu siyahı bütün Avropa İttifaqında yayılmalıdır. “Təbii ki, Avropa İttifaqının bu barədə bir qərar qəbul etməsi prosesi uzun çəkə bilər, lakin Maqnitskiy mövzusu Aİ-də çox aktualdır”-deyə Avropa Parlamentinin deputatı Kristina Oyuland bildirib. Böyük Britaniya da öz növbəsində hesab edir ki, viza məhdudiyyətlərinin heç bir mənası yoxdur, çətin ki, bu tədbir hüquqşünasın qətlinin araşdırlmasına yardım etsin.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti