Azərbaycanlı milyarder Qərbdən 1 milyard borc istəyir

Azərbaycanlı milyarder Qərbdən 1 milyard borc istəyir
  07 Oktyabr 2014    Oxunub:3037
Rusiyanın “Lukoil” şirkətinin törəmə şirkəti olan “Lukoil Overseas Shah Deniz” Azərbaycanın Xəzərdəki “Şahdəniz-2” yatağındakı payını maliyyələşdirmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankından 1 milyard dollar borc istəyir.

Virtualaz.org xəbər verir ki, bu haqda bankın materiallarında deyilir. Azərbaycanlı neft maqnatı Vahid Ələkbərova bu borc yataqdakı hasilat işlərinin ikinci fazası üçün lazımdır. Bankın kredit müraciətinə nə vaxt baxacağı göstərilmir.

“Lukoil” “Şahdəniz” yatağında 10 faizlik paya malikdir. Bu yataqdan çıxarılacaq qaz 2019-cu ildən etibarən TANAP və TAP boru kəmərləri ilə Avropaya nəql olunmalıdır. Cənub dəhlizini təşkil edən bu kəmərlərlə ildə 10 milyard kubmetr qazın Avropa bazarlarına çıxarılması planlaşdırılır.

Xatırladaq ki, “Lukoil” şirkəti Qərbin Ukrayna məsələsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təsiri altına düşür. Bu baxımdan şirkətin Londonda yerləşən və Avropanın əsas maliyyə institutu hesab olunan bankdan iri məbləğdə borc müraciətinin nə dərəcədə müsbət cavablandırılacağını demək çətindir. Qərbin sanksiyalarından sonra Rusiyanın neft-qaz şirkətləri, o cümlədən “Lukoil” Qərb banklarından maliyyə vəsaitləri cəlb edə bilmir və bu günlərdə Vahid Ələkbərov şirkətinin maliyyə sıxıntısı ilə üzləşdiyini bildirərək Rusiya dövlətindən maliyyə dəstəyi istəmişdi. “Rosneft” və digər iri şirkətlər də Qərb banklarının ucuz kreditlərindən məhrum olublar.

Lakin digər tərəfdən “Şahdəniz-2” layihəsi məhz Avropa üçündür, Avropanın Rusiya qazından asılılığını azaltmağa hesablanan siyasi əhəmiyyətli layihədir. Görünür V.Ələkbərov Qərblə Rusiya arasında indiki gərgin situasiyada Avropa Yenidənqurma və İnkişaf Bankından kredit istəyərkən bu amili nəzərə alıb.


Teqlər:





Xəbər lenti