İŞİD Putinə rüşvət təklif edib - İddia
İngiltərənin "Sunday Times" qəzeti "İŞİD"in sensassiyalı planlarıyla bağlı sənədin aşkar edildiyi barədə məlumat dərc edib.
"İŞİD"in iqtisadi, hərbi-strateji planlarını özündə əks etdirən sənədin Abdullah Əhməd Meşədani tərəfindən tərtib edildiyi məlum olub.
Qeyd edək ki, Abdullah Meşədani "İslam dövləti" terror təşkilatının 6 nəfərlik baş hərbi qərargahının üzvüdür. O, bu ilin mart ayında İraq təhlükəsizlik qüvvələrinin "İŞİD"ə mənsubluqda şübhəli bilinən şəxsin evində apardıqları axtarış əməliyyatları zamanı həbs edilib. Bunu Qərb təhlükəsizlik orqanları da təsdiqləyib.
Abdullah Meşədaniyə məxsus 70 maddəlik strateji siyasət planının əsasını şiələrin müsəlman dünyasında rolunun azaldılması və İranın islam dövləti kimi sarsıdılması barədə planlar təşkil edib.
Sənəddəki bəndlərdən bəziləri Rusiya vasitəsilə İrana təzyiq edilməsinə nail olunmasına həsr olunub. "İŞİD" İraqın Ənbar əyalətinin neftini Moskvaya təklif etməklə Kremlin Tehrana qarşı münasibətini kəskinləşdirməyi və İranın nüvə sənayesi barədə məxfi məlumatların "İŞİD"ə ötürülməsini təmin etməyi planlaşdırırmış.
Rusiya üçün nəzərdə tutulmuş "rüşvət"in müqabilində Moskvanı Bəşər Əsədə dəstəyi dayandırmağa və anti-İran meyilli ərəb ölkələrinə dəstək verməyə təşviq etmək planlaşdırılırmış.
Sənəddə həmçinin, İranın təsirini azaltmaq üçün körfəz ölkələrinin ərazisiylə Hörmüz boğazına paralel keçid kanalının tikintisi, kürü sənayesinə sərmayə yatırmaq, regionda xalça ticarətində hegemonluğu ələ almaq, hərbi və ticari dəniz donanmasına yiyələnmək kimi nəhəng planlar qeyd olunub.
/interaztv.com/