ABŞ Dövlət Departamenti: “İranda azərbaycanlılar sıxışdırılır”

ABŞ Dövlət Departamenti: “İranda azərbaycanlılar sıxışdırılır”
  23 Aprel 2013    Oxunub:1421
ABŞ Dövlət Departamenti İranı azərbaycanlılara qarşı ayrı-seçkilikdə günahlandırır.
ABŞ Dövlət Departamentinin dünya ölkələri üzrə insan hüquqlarına həsr edilmiş illik hesabatının İranla bağlı hissəsində qeyd olunur ki, fars kökənli olmayan hər kəs- Azərbaycan türkləri, kürdlər, ərəblər və başqa millətlərin nümayəndələri siyasi, iqtisadi və sosial ayrı-seçkiliyə məruz qalırlar. Onlar doğma dillərində təhsildən məhrum ediliblər.

“Milli azlıqlar İran hökuməti tərəfindən həbsə, fiziki təzyiqlərə məruz qalır, daimi nəzarət altında saxlanılırlar. Onlar iqtisadi yardım, biznes-lisenziyalar, təhsil alarkən, qəzet, jurnal və ya digər çap materiallarının yayarkən ayrıseçkiliyə məruz qalırlar. Həmçinin, onların mənzil və torpaq sahələri alma hüquqları da məhdudlaşdırılır. İran hökuməti bəzi regionlarda baş verən etnik etirazlarda xarici elementlər sezildiyini iddia edir və buna görə bir neçə xarici dövləti günahlandırır”-deyə hesabatda bildirilir.

Hesabatda Azərbaycan türkləri xüsusilə qeyd olunur: “ İran hökuməti ana dilində təhsilə qadağa qoymaqla, azərbaycanlı fəal və təşkilatçılara təzyiq göstərməklə, coğrafi adları dəyişməklə, doğma dilini, mədəniyyətini müdafiə edənləri həs etməklə azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti həyata keçirir”.

Hesabatda, Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasına istinadən bildirilir ki, İran polisi, aksiyalar zamanı etirazçılara qarşı, dəyənək, rezin güllələr, gözyaşardıcı qazdan istifadə edib və hətta 100 nəfəri həbs edib.

Dövlət Departamenti hesabatında həmçinin azərbaycanlı şairə, qadın hüquqları müdafiəçisi Fərənək Fəridə qarşı təzyiqlərə də toxunub:

“Azərbaycanlı fəal Fərənək Fəridin 19 mart 2012-ci ildə xarici mətbuata verdiyi müsahibə onun ciddi təzyiqlərə məruz qalmasına səbəb olub. İran məhkəməsi onun “dövlətə qarşı təbliğat, dini liderin təhqir olunması və Urmiya gölünün qurudulmasına qarşı etiraz aksiyalarında iştirakda günahkar bilərək 8 min 200 dollar cərimə ödəməsi şərti ilə 91 günlük həbsinə qərar verib.”

Hesabatda həmçinin Şərqi Azərbaycanda baş vermiş zəlzələdən sonra zərər çəkənlərə könüllü yardım etməyə gələn şəxslərin həbsi barədə məlumat da öz əksini tapıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti