![]() |
ABŞ ilə Ukrayna nədə razılaşdılar? |
ABŞ prezidenti Donald Tramp isə yeni planı Vladimir Putinlə müzakirə etməyi planlaşdırdığını açıqlayıb: "Tanqo üçün iki nəfər lazım olur".
Nəşrin versiyasına görə Trampın Ukrayna, Rusiya və Avropaya təklif etdiyi sülh planında 1-ci pillədə döyüşlərin dərhal dayandırılması durur. Təbii ki, əgər Rusiya buna razı olarsa...
Rubio da Tramp administrasiyasının atəşkəs planını Moskvaya təhvil verəcəyini deyib: "Top indi onların meydançasındadır". Kreml isə hələlik hərbi əməliyyatlarda fasilənin verilməsindən başqa heç bir şərt irəli sürməyib və Rusiya hakimiyyəti Trampın yanaşmasını bəyənib.
Razılaşmaların əsas müddəalarına görə, atəşkəs humanitar fəaliyyətlərə, o cümlədən əsirlərin mübadiləsinə, mülki girovların azad edilməsinə və zorla qaçırılmış ukraynalı uşaqların geri qaytarılmasına imkan yaradacaq.
Maraqlıdır ki, Trampın yeni planında ABŞ-nin Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinə qoyulmuş qadağanın aradan götürülməsi də yer alıb.
"Vaşinqton həmçinin hərbi dəstəyi də özündə ehtiva edən “təhlükəsizlik yardımları”nı bərpa edəcəyinə söz verib", - sayt yazıb.
Bundan başqa, müəllif Trampın Zelenskinin çoxdan tələb etdiyi təhlükəsizlik zəmanəti verməməsinə diqqət çəkib.
Amerika prezidenti açıq şəkildə bildirib ki, o, Ukraynanın gələcək təhlükəsizliyi ilə bağlı çoxlu öhdəliklər götürmək niyyətində deyil. Siyasətçi belə hesab edir ki, öhdəliklər Avropanın məsuliyyəti sayılır. Danışıqlardan sonra verilən birgə bəyanatda da məlum mövqe ilə bağlı söz açılmayıb.
Xatırladaq ki, martın 11-i Səudiyyə Ərəbistanında baş tutan danışıqlardan sonra Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bəyan edib. Öz növbəsində ABŞ prezidenti Donald Tramp da buna cavab olaraq müəyyən jestlər edib. O, Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünə və kəşfiyyat məlumatlarının ötürülməsinə qoyduğu qadağanı ləğv edib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az