Qrenlandiyalılar müstəqilliyi dəstəkləyirlər

   Qrenlandiyalılar müstəqilliyi dəstəkləyirlər
  12 Mart 2025    Oxunub:475
Martın 11-də keçirilən yerli parlament seçkilərində Qrenlandiyanın müstəqilliyinin tərəfdarları qalib gəliblər.
AzVision.az Danimarka radiosuna istinadən xəbər verir ki, səslərin 100%-nin hesablanmasının nəticələrinə əsasən, 31 yerlik parlamentdə ən böyük təmsilçiliyi 10 yer tutan “Demokraaatik (Demokratlar)” partiyası qazanıb. Liberal ideologiyaya sadiq qalan bu partiya tədricən müstəqilliyin əldə olunmasının tərəfdarıdır.

İkinci yerdə Danimarka ilə əlaqələrin daha kəskin şəkildə kəsilməsini və adanın müstəqilliyini müdafiə edən “Naleraq (Can atmaq)” partiyası qərarlaşıb. O, yerli parlamentdə səkkiz deputatla təmsil olunacaq.

Qrenlandiya neçəyədir?
Seçkilərdən əvvəl Qrenlandiyada hakimiyyətdə olan solçu sosialist partiyası “Inuit Ataqatagiit (Eskimosların Birliyi)” seçki marafonunu məğlub kimi başa vuraraq cəmi 7 mandat qazanıb.

Amma “Demokratlar” Qrenlandiyanın yeni parlamentində ən böyük təmsilçiliyə malik olsalar da, 16 yerlik parlament çoxluğunu qazanmayıblar. Bu baxımdan, onlar koalisiya hökuməti yaratmaq zəminində danışıqlar aparmalı olacaqlar.

Əslində Qrenlandiya parlamentinə seçkilərdə bu və ya digər şəkildə Danimarkadan müstəqilliyin tərəfdarı olanların üstünlük qazanması son nəticədə ABŞ prezidenti Donald Trampın adanı almaq barədə iddialarının reallaşması istiqamətində ilk addım kimi qiymətləndirilə bilər.

Doğrudur, Qrenlandiya parlamentində yerlərin çoxunu qazanan deputatlar adanın ABŞ-yə birləşməsini yox, Danimarkadan müstəqilliyini dəstəkləyirlər. Amma gözlənilməz sürprizlərlə dolu olan böyük siyasətdə bu da istisna deyil. Xüsusən də nəzərə alsaq ki, tarixdə Vaşinqtonla Kopenhagen arasında analoji alqı-satqı nümunəsi var.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Qrenlandiya   seçkilkər   müstəqillik  





Xəbər lenti