Makron Ukrayna ilə bağlı yeni “şərt” qoyub

“Makron 30-a yaxın ölkənin hərbi liderlərini Rusiya ilə sülh sazişi bağlanacağı təqdirdə Ukrayna üçün “etibarlı təhlükəsizlik təminatlarının müəyyənləşdirilməsi planı”nın hazırlanmasına başlamağa çağırıb. “Sülh danışıqlarının sürətləndirilməsi” ilə əlaqədar Makron Ukraynada etibarlı təhlükəsizlik təminatlarının təminatı və davamlı sülhün bərqərar olması üçün konsepsiyadan plana keçmək zərurətini qeyd edib”, - Yelisey sarayının yaydığı press-relizdə bildirilir.
Təhlükəsizlik təminatı kimi Avropa Ukraynaya sülhməramlı qoşunların göndərilməsi imkanını müzakirə edir. Lakin Rusiya dəfələrlə NATO sülhməramlılarının yerləşdirilməsinin yolverilməz olduğunu bəyan edib.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov fevral ayında bildirmişdi ki, NATO ölkələrinin silahlı qüvvələrinin xarici bayraq altında Ukraynada mövcudluğu da Rusiya üçün qəbuledilməzdir. Daha sonra Kremlin sözçüsü Dmitri Peskov sülhməramlıların yeridilməsinin yalnız münaqişə tərəflərinin razılığı ilə mümkün olduğuna diqqət çəkib.
Sahil İsgəndərov
AzVision.az