AMEA-nın 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi təsdiqlənib

   AMEA-nın 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi təsdiqlənib
  20 Fevral 2025    Oxunub:425
Fevralın 20-də AMEA-nın Ümumi yığıncağında “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi” təsdiq edilib.
AzVision.az xəbər verir ki, tədbirdə işçi qrupunun rəhbəri, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “AMEA-nın İnkişaf Konsepsiyası və Yol Xəritəsi layihəsi” haqqında çıxış edib. O, layihənin iki bölmədən ibarət olduğunu bildirib. Qeyd edilib ki, birinci bölmədə qlobal çağırışlar, dünya elminin yeni inkişaf meyilləri, ictimai və humanitar elmlərin inkişaf trendləri, konsepsiyanın əsaslandırılması, hədəfləri, məqsəd və vəzifələri, akademiyanın tarixi inkişaf xronikası və yeni hüquqi statusu, elmi-təşkilati fəaliyyəti üzrə Yol Xəritəsinin əsas istiqamətləri yer alıb. Bunlardan əlavə, konsepsiyanın icrası üzrə zaman ardıcıllığı, icra və icraya nəzarət mexanizmləri, monitorinq sistemi, nəticə indikatorları da əksini tapıb. Bütövlükdə konsepsiyanın birinci bölməsini yaxın beş il müddətində Akademiyada inkişaf proseslərini effektiv və davamlı təşkil etmək üçün elmi-fəlsəfi çərçivə sənədi kimi dəyərləndirmək mümkündür.

S.Xavəri bildirib ki, konsepsiyada onun hazırlanması və icrası zərurəti qlobal, regional və lokal səviyyələrdə olmaqla üç mühüm amillə izah olunur. Birinci amil dünyanın qlobal inkişaf tendensiyaları ilə bağlıdır. Dördüncü Sənaye İnqilabı, süni intellekt, “Big Data” və rəqəmsal texnologiyaların yeni reallığa çevrilməsi, yaşıl çağırışların, humanitar dəyərlərə, xüsusilə praktiki humanitar alətlərə dönüşün bəşəriyyətin mövcudluq şərtinə çevrilməsi müasir dövrün əsas reallıqları kimi özünü göstərir. Belə bir şəraitdə elm xüsusi strateji əhəmiyyət və məzmun kəsb edir ki, konsepsiyanı dünyada gedən bu proseslərə adekvat reaksiya və rezonans kimi dəyərləndirmək mümkündür.

İkinci amil ölkəmizin və regionun yeni geosiyasi reallıqları ilə bağlıdır. Qarabağ Zəfərindən sonra Azərbaycan regionda və dünyada yeni geosiyasi reallıqlar yaradaraq öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu mərhələdə ölkəmizin əsas hədəfləri qüdrətli dövlət, kreativ millət və modern cəmiyyət quruculuğudur. Bu hədəflər isə ən çox elm qarşısında mühüm vəzifələr müəyyənləşdirir. Həmin hədəflər konsepsiyanın da hazırlanmasını şərtləndirir.

Üçüncü amil respublikada elmin yeni inkişaf mərhələsi ilə bağlıdır. Məlumdur ki, 2022-ci ilin sonlarından AMEA-da çoxşaxəli islahatlara başlanılıb. Artıq islahatların birinci mərhələsi tamamlanıb, növbəti mərhələyə keçid üçün əlverişli zəmin hazırlanıb. Konsepsiya həm də bu zəmin mərhələsindən sonra islahatların növbəti dalğasının ideya-fəlsəfi və inzibati-təşkilati platformasını təşkil edir.

Məruzəçinin sözlərinə görə, konsepsiyada çoxsaylı və çoxçeşidli fəaliyyət istiqamətləri, məqsədlər, vəzifələr, onların icrası üçün tədbirlər əks olunub və onları üç əsas hədəf üzrə ümumiləşdirmək mümkündür: “Birinci hədəf ən modern nəzəri-metodoloji səviyyədə araşdırmaların aparılması ilə akademiyanı fundamental araşdırmaların əsas mərkəzinə çevrirməkdir. İkinci hədəf ictimai və humanitar elmi müəssisələrin fəaliyyət göstərdiyi akademiyada əsas vəzifələrdən biri bu istiqamətdə fəaliyyətin dövlətin mədəni-mənəvi, ideoloji sahədəki inkişafına yönəldilməsidir. Üçüncü hədəf respublika üzrə elmi koordinasiya sahəsindəki mərkəzi funksiyasını yeni keyfiyyətdə və yeni səviyyədə həyata keçirməsinə funksional olaraq nail olmaqdır”.

S.Xavəri bildirib ki, konsepsiyanın ikinci bölməsi “Yol Xəritəsi”dir və burada akademiyanın inkişafı ilə bağlı müəyyənləşdirilən hədəflərə çatmaq üçün çoxsaylı və çoxçeşidli tədbirlər əksini tapıb.

“Konsepsiyanın əsas fəlsəfi platformasını gələcəyi görmə metodologiyası təşkil edir. Konsepsiyada bu metodologiyaya əsaslanaraq yaxın beş ildə elmin inkişafı üzrə mümkün ssenarilər araşdırılmış, onlara hazır olmaq üçün strategiyalar müəyyənləşdirilmiş, onların icrası mexanizmləri hazırlanıb. Konsepsiyanın və Yol Xəritəsinin icrasına akademiyanın 6 elmi bölmə, 2 regional bölmə, 10 elmi tədqiqat müəssisəsi, 2 regional elmi mərkəzi, 4 təşkilat, 16 Rəyasət Heyəti şöbəsi olmaqla cəmi 40 qurumu icraçı qismində cəlb olunub”, - deyə alim diqqətə çatdırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti