TÜRKSOY Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş tədbirlərə başlayacaq

TÜRKSOY Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş tədbirlərə başlayacaq
  15 Fevral 2025    Oxunub:381
Xalqımızın görkəmli şairi və dramaturqu, türk ədəbiyyatının böyük nümayəndəsi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında çoxsaylı tədbirlər keçirilir.
AzVision.az Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) nümayəndəsi Elçin Qafarlının məlumatına istinadən xəbər verir ki, fevralın 21-də qurumun Ankaradakı baş ofisində “Bəxtiyar Vahabzadənin Anım İli”nin açılışı münasibətilə təntənəli tədbir keçiriləcək.
Tədbirin təşkilati dəstəyi TÜRKSOY ilə yanaşı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, ölkəmizin Ankaradakı səfirliyi və Azərbaycan Milli Kitabxanası tərəfindən həyata keçiriləcək.

“Bəxtiyar Vahabzadənin Anım İli”nin keçirilməsi haqqında qərar 2023-cü ilin oktyabrında TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Komitəsinin Şuşada keçirilən 40-cı iclasında qəbul edilib”, - Elçin Qafarlı xatırladıb.

Onun sözlərinə görə, TÜRKSOY-un Baş katibliyində bu əlamətdar hadisə münasibətilə tədbirlərin ən yüksək səviyyədə təşkili üçün müvafiq plan hazırlanır.

Qeyd edək ki, TÜRKSOY türkdilli ölkələrin oxucularını görkəmli Azərbaycan şairinin yaradıcılığı ilə geniş şəkildə tanış olması məqsədilə müxtəlif illərdə konfranslar təşkil edib, Bəxtiyar Vahabzadənin əsərlərinin xarici dillərə tərcüməsinə şərait yaradıb.

Xalq şairi, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəkidə anadan olub. O, respublikamızın hüdudlarından kənarda da ölkəmizi layiqincə təmsil edib, milli mədəniyyətin təbliği və Azərbaycanın ədəbi irsinin populyarlaşdırılması üçün səylərini əsirgəməyib.

Ədəbi və elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə uğurla birləşdirən B.Vahabzadə Bakı Dövlət Universitetinin professoru kimi uzun illər Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verib.

Xalq şairi bir sıra orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatı - “İstiqlal” ordeni ilə təltif edilib.

Şair 2009-cu il fevralın 13-də ömrünün 84-cü ilində dünyasını dəyişib.
AzVision.az



Teqlər: TÜRKSOY   Vahabzadə  





Xəbər lenti