Ulduz kateqoriyaları düzgün olmayan hotellərin reklamları söküləcək

   Ulduz kateqoriyaları düzgün olmayan hotellərin reklamları söküləcək
  14 Fevral 2025    Oxunub:493
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin (DTA) əməkdaşlığı çərçivəsində regionlardakı yerləşmə müəssisələrinin üzərindəki reklam lövhələrinin monitorinqinə başlanılır.
Bu haqda razılıq hər iki qurumun rəhbər heyətinin iştirakı ilə keçirilən görüşdə əldə edilib. İlkin mərhələdə monitorinqlər Gəncə, Göygöl, Şəki, Qəbələ, Yevlax, Mingəçevir və Xankəndi şəhərlərində 160-dan çox yerləşmə müəssisəsi üzrə keçiriləcək.

Görüş çərçivəsində aparılan müzakirələrdə regionlarda yerləşən bir sıra hotellərin müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirmələri, həmçinin "Turizm haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd edilən tələblərə cavab verməyən bir sıra yerləşmə vasitələrinin "hotel" adından istifadə etməklə istehlakçı hüquqlarını pozduqları qeyd olunub. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda da qeyd olunduğu kimi reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.

Müzakirələr nəticəsində istehlakçıların aldadılmasının və yanlış məlumatlandırılmasının qarşısını almaq, hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədilə regionlarda ulduz kateqoriyasını düzgün qeyd etməyən mehmanxanaların açıq məkandakı reklamlarının yayımının dayandırılması qərarlaşdırılıb.

Qeyd edək ki, hotel sahibləri açıq məkanda reklam yerləşdirməyə icazə alınması üçün “hotel” kimi fəaliyyət göstərdikləri və ulduz kateqoriyası ilə bağlı qanunvericiliyə uyğun olaraq əldə edilmiş sertifikatlarını ADRA-ya təqdim etməlidirlər.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti