Orxan Zeynalovdan 5 milyon pul istəyirlər
Vladimir Şerbakov Orxan Zeynalovdan oğlunun qətlinə görə 5 milyon rubl (143 min ABŞ dolları) məbləğində təzminat tələb etdiyini də açıqlayıb: “Məhkəmədən bizə vurulan mənəvi ziyana görə Orxan Zeynalovun 5 milyon rubl təzminat ödəməsini xahiş etmişik. Təbii ki, 5 milyon rubl mənim oğlumu geri qaytarmayacaq. Amma bizim ailəyə vurulan mənəvi ziyan ödənilməlidir. Bunun özü də Orxan Zeynalova kiçik bir cəzadır”.
Cinayət hadisəsinin yeganə şahidi Kseniya Popova isə jurnalistlərə açıqlamasında istintaq tərəfinin Orxan Zeynalova layiqli cəza istədiyini söyləyib: “Mən həm istintaqa, həm də məhkəməyə verdiyim ifadələrimdən əminəm. İstintaq vaxtı dediklərim məhkəmə vaxtı yadımdan çıxıbsa, bu, o demək deyil ki, yalan danışıram. Məncə Orxan Zeynalovu yalan dedektorundan keçirmək lazımdır. Əminəm ki, məhkəmə ona layiq olduğu cəzanı verəcək”.
Qeyd edək ki, bu gün Moskva Şəhər Məhkəməsində 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Prosesdə dövlət ittihamçısı Orxan Zeynalova 18 il azadlıqdan məhrumetmə cəzası istəyib. Prokuror çıxışında Orxan Zeynalovun qətli törətdikdən sonra Azərbaycanda yaşayan valideynləri ilə telefon əlaqəsi saxladığını bildirib: “Orxan Zeynalov qətl baş verən gün Moskvada olmadığını söyləyir. Lakin onun istifadə etdiyi telefon nömrəsinin dalğasının həmin gün Moskvada, hadisə baş verən yerə yaxın bir məkandan gəldiyi müəyyən olunub. Orxan qətldən sonra həmin telefon nömrəsi ilə Azərbaycanda yaşayan atası ilə danışıb. Telefon danışıqlarının stenoqramına baxanda müəyyən etmək olur ki, Orxan atasına qətli törətdiyini etiraf edib. O, atasına onu öldürmək istədiklərini, ona görə də bu qətli törətdiyini, yaxalanmamaq üçün xarici görkəmini dəyişəcəyini, saqqal buraxacağını, kilo alacağını söyləyib”.
Daha sonra prosesdə Orxan Zeynalovun vəkilləri Viktor Anikuşkin və Abbasmirzə Abdullayev çıxış ediblər. Müdafiə tərəfi istintaqın düzgün aparılmadığını, saxlanılan vaxt və ibtidai istintaq zamanı Orxan Zeynalova qarşı kobudluq edildiyini bildirib. Vəkillər Orxan Zeynalova bəraət verilməsini istəyiblər.
Sonda Orxan Zeynalov son sözlə çıxış edib. O, qətli törətmədiyini, cinayət hadisəsinin qurama iş olduğunu vurğulayıb: “Mən heç kəsi öldürməmişəm. Yeqor Şerbakovun ölüb-ölməməsindən də xəbərim yoxdur. “Pokrov” meyvə-tərəvəz bazasını neçə vaxt idi ki, bağlamaq istəyirdilər. Ona görə bu hadisəni düzdülər, qoşdular. Mən günahsız yerə burada otururam. Şerbakovu öldürsəydim, Rusiyadan qaçıb gizlənərdim”.
Məhkəmə iyulun 28-də hökmün elan olunacağını bildirib.(Apa)
Teqlər: