Ombudsman Aparatı və BQXK birgə seminar təşkil edib

Ombudsman Aparatı və BQXK birgə seminar təşkil edib
  20 Dekabr 2024    Oxunub:456
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ölkəmizdəki Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Cenevrə Konvensiyalarının qəbul olunmasının 75-ci ildönümünə həsr edilmiş “Beynəlxalq Humanitar Hüququn Tətbiqi üzrə Fəaliyyətlər: Müsbət Təcrübələr və Problemlər” mövzusunda seminar təşkil olunub.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər, Ombudsman Aparatının əməkdaşları və media nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı və BQXK-nın ölkəmizdəki Nümayəndəliyinin rəhbəri Draqana Kojiç açılış nitqi ilə çıxış edərək tədbirin işinə uğurlar arzulayıblar.

Aparat rəhbəri cari il Cenevrə Konvensiyalarının qəbul olunmasının 75-ci ildönümünün qeyd edildiyini bildirərək, Azərbaycanın da bu konvensiyanın iştirakçısı kimi onun tələblərini ən yüksək səviyyədə yerinə yetirən dövlətlərdən biri olduğunu söyləyib, lakin bütün dövlətlər tərəfindən bu konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilmədiyini qeyd edib.

Aydın Səfixanlı ölkəmizin uzun illər işğala, etnik təmizləməyə, ədalətsiz müharibəyə məruz qaldığını, buna baxmayaraq, beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hər zaman əməl etdiyini bildirib. O, soydaşlarımızın uzun illər ərzində pozulmuş hüquqlarının təmin edilməsinin zəruri olduğunu, bu məsələnin də beynəlxalq hüququn prinsiplərini özündə ehtiva etdiyini diqqətə çatdırıb.

Seminarda çıxış edən ekspertlər uyğunluğun təmin edilməsi üsulu kimi beynəlxalq humanitar hüququn milli səviyyədə tətbiqi və milli təsisatların rolu, əldə edilmiş müsbət təcrübələr, Ombudsmanın milli preventiv mexanizm mandatı, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və digər aidiyyəti sahələr üzrə həyata keçirilən fəaliyyət və beynəlxalq təcrübə barədə məlumat verib, geniş fikir mübadiləsi aparıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti