Bu gün Axıska türklərinin sürgün olunmasından 80 il ötür

 Bu gün Axıska türklərinin sürgün olunmasından 80 il ötür
  14 Noyabr 2024    Oxunub:143
Axıska türklərinin 14 noyabr 1944-cü il tarixində sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya məcburi şəkildə köçürülməsindən 80 il ötür. Deportasiyası zamanı 212 kənddə yaşayan 94.955 Axıska türkü öz evlərindən məcburi şəkildə çıxarılıb. Onlar Mərkəzi Asiyaya (Qazaxıstan, Qırğızıstan və Özbəkistana), əsasən Özbəkistan SSR-ə sürgün olunmuşdular. Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilmiş, orada məcburi əməyə tabe olunmuşdular. Deportasiya və sürgünün ağır şərtləri təxminən 12.000–50.000 insanın ölümünə səbəb olub.
Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmri ilə icra olunub. Bu, 1930-cu illərdən 1950-ci illərə qədər sovet etnik azlıqlarının bir neçə milyon üzvünə təsir göstərmiş SSRİ hökumətinin məcburi yerləşdirmə proqramının və əhali köçürmələrinin bir parçası idi.

Stalin rejimi zamanı bir çox etnik qrup “etibarsız millət” olaraq damğalanmış və kütləvi şəkildə deportasiya edilib. Axıska türkləri də bu siyahıya daxil edildilər və onlara “xain” damğası vuruldu. Onların yerli əhalidən qoparılması, Sovetlərin milli siyasətinin bir hissəsi idi. Deportasiya prosesi tamamlandıqdan sonra SSRİ hökuməti əsasən xristian ermənilərdən təşkil olunmuş 32.000 nəfəri Mesxetiya ərazisinə yerləşdirib.

İosif Stalinin ölümündən sonra SSRİ Nazirlər Sovetinin yeni sədri seçilən Nikita Xruşşov 1956-cı ildə gizli nitq səsləndirmiş, bu nitqdə Stalinin müxtəlif etnik qrupların deportasiya edilmələri haqqında verdiyi qərarları tənqid etmiş, onların çoxunu geri qaytarmışdır. Axıska türklərinin sürgün edilməsi gizli saxlanılıb.

2006-cı ildə əldə edilmiş statistik məlumatlara əsasən, 260.000–335.000 nəfərdən ibarət Axıska türklərinin əksəriyyəti yeddi Postsovet ölkəsində yaşayır. Ana vətənlərinə qayıda bilməyən Axıska türklərinin bir qismi də Azərbaycanda məskunlaşıb.

Milli sürgün Axıska türklərinin taleyində faciəli rol oynayır, milli varlığa, demoqrafiyaya, həyat tərzinə və eləcə də mədəniyyətə, təhsilə ağır zərbə vurur. Buna baxmayaraq, əzablı sürgün illəri türklərin iradəsini qıra, milli ruhunu əzə bilmir. Elə ilk günlərdən türk vətənpərvərləri Vətən uğrunda mübarizəyə başlayır. Axıskanın dəyərli ziyalıları, alim və müəllimləri, söz-sənət adamları milli mədəniyyəti, ədəbiyyatı qoruyub mövcud imkanlar daxilində inkişaf etdirməyə çalışırlar.

Bu hadisə tarixdə Stalin dövründə həyata keçirilən digər deportasiyalar (məsələn, Krım Tatarları, Çeçenlər, İnquşlar) kimi Sovetlərin repressiv milli siyasətinin bir nümunəsi olaraq qalır.

Axıska türkləri kimlərdir?

Axıska türkləri, həmçinin Mesxeti türkləri, indiki Gürcüstan Respublikasının cənub ərazilərində yerləşən Mesxetiya regionunda yaşayırdılar. Onların mənşəyi haqqında tarixşünaslar arasında bir konsensus yoxdur. Onlar ya etnik türklərdir, ya da ki Osmanlı hakimiyyəti dövründə islamı qəbul etmiş və türkləşmiş gürcülərdir.

Osmanlı ordusu o zamanlar Mesxeti-Samstxe atabəyliyinin ərazilərinin daxilində olan Mesxetiya regionunu 1578-ci ildə Lələ Mustafa Paşanın Qafqaza yürüşü zamanı fəth edir. Türk tarixşünasları iddia edirlər ki, türk tayfaları regionda XI–XII əsrlərdə, Gürcüstan kralı IV Davidin qıpçaq türklərini sərhəd ərazilərini Böyük Səlcuq İmperiyasından qorumaq üçün dəvət etdiyi dövrdə yerləşiblər. Bu ərazi 1829-cu ildə, Rusiya-Osmanlı müharibəsinin bir nəticəsi olaraq, Rusiya imperiyası tərəfindən ilhaq edilir.

Axıska türkləri niyə deportasiya olundu?

Axıska türkləri sovet hökuməti tərəfindən rəsmi şəkildə heç bir cinayətin təqsirkarı bilinməyib. Onlar heç döyüş meydanına yaxın belə deyildilər. Nasist Almaniya ordusu Mesxetiya regionunun heç 150 kilometr yaxınlığında olmayıblar. Professor Qlin Vilyams belə bir qənaətə gəlmişdir ki, digər Qafqaz etnk qruplarının və Krım tatarlarının deportasiyasıyla üst-üstə düşən Axıska türklərinin deportasiyası, eləcə də digər deportasiyalar, bu xalqların "universal kütləvi xəyanəti"nin yox, gizli bir sovet siyasətinin parçası idi. Svante Kornel qeyd etmişdir ki, bu, Rusiyanın 1864-cü ildən bəri həyata keçirilən daha geniş bir siyasətinin – Qafqazdan olduqca çox müsəlman azlıqları çıxarmaq siyasətinin bir parçası idi.

SSRİ dövlət və siyasi xadimi Lavrenti Beriya 28 noyabr 1944-cü il tarixində İosif Stalinə bir memorandum göndərir. Bu memorandum Beriya Axıska türklərini "qaçaqmalçılıq" və "təxribət üçün Türkiyə kəşfiyyatı ilə əməkdaşlıq"la günahkar görür. Beriyanın gizli sərəncamı Axıska türklərini, kürdləri və həmşinləri sərhədyanı ərazilərdə qovulmalı olan "etibarsız əhali" kimi göstərir. Bəzi tarixşünaslar inanırlar ki, bu məcburi köçürülmə prosesi Türkiyənin şimal-qərbi ərazilərini işğal etmək üçün Türkiyəyə meylli qrupları sərhədyanı ərazilərdən çıxarmaq arzusunun bir parçası idi.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Axısqatürkləri   deportasiya  





Xəbər lenti