Əfqanıstan ABŞ-dən özünün 9 milyard dollarını istəyir

   Əfqanıstan ABŞ-dən özünün 9 milyard dollarını istəyir
  12 Noyabr 2024    Oxunub:686
“Taliban” hərəkatının başçılıq etdiyi Əfqanıstan hökuməti yeni seçilmiş prezident Donald Trampın dövründə Vaşinqtonla münasibətlərə “təzə səhifədən başlamağa” və üç il əvvəl bloklanan 9 milyard dollara çıxış qazanmağa ümid edir.
AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, taliblərin Qətərdəki ofisinin rəhbəri Sühail Şahin belə deyib.

“Biz Tramp administrasiyası ilə münasibətlərimizdə yeni bir səhifə açmağa can atırıq və yeni Tramp administrasiyasının eyni şəkildə cavab verməsini istəyirik. Biz Əfqanıstan Bankının dondurulmuş bütün ehtiyatlarının açılmasını və bizə qaytarılmasını istəyirik”, - Sühail Şahin vurğulayıb.

Xatırladaq ki, Talibanla ilk razılaşmanı 2020-ci ildə məhz Donald Tramp ilk prezidentliyi dövründə bağlayı, Amerika qoşunlarının çıxarılması isə 2021-ci ildə ABŞ prezidenti Co Baydenin dövründə baş verib.

Talibanın hakimiyyətini tanımaqdan imtina edən Co Bayden Əfqanıstanın ABŞ-da saxlanılan 7 milyard dollar vəsaiti dondurub. Vaşinqtonun bir sıra müttəfiqləri də analoji addım ataraq, daha 2 milyard dolları dondurub. Daha sonra Bayden Əfqanıstan iqtisadiyyatını dəstəkləmək üçün İsveçrədəki müstəqil fonda 3,5 milyard dollar köçürməyə razılaşdı. Lakin “Bloomberg” bildirir ki, qlobal maliyyə sisteminə çıxışı kəsilən Əfqanıstanın bu pullardan istifadə etmək imkanı yoxdur.

“Birləşmiş Ştatlar və onun müttəfiqləri Talibandan hər hansı qarşılıqlı fəaliyyətə başlamazdan əvvəl insan haqları və Əfqanıstanda terrorçu qrupların yayılması problemlərinin həllini tələb edirlər. Noyabrın 5-də Trampın qalib gəldiyi ABŞ-da prezident seçkiləri keçirilib. O, Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasını “səriştəsiz” və “tarixin ən biabırçı anı” adlandırıb”, - agentlik yazır.

"Taliban" BMT-yə qoşulmaq istəyir
Qeyd edək ki, bundan əvvəl “Taliban” hökumətinin heç bir dövlətlə problemi olmadığını vurğulayan Əfqanıstanın Xarici İşlər nazirinin müavini Şer Məhəmməd Abbas Stanikzay ölkəsinin Birləşmiş Millətlər Təşkilatına (BMT) qoşulmaq üçün müraciət ünvanladığını açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Taliban   ABŞ   vəsait  





Xəbər lenti