Melburnda Qarabağ sərgisi başa çatdı
Xatırladaq ki, layihə çərçivəsində iyunun 15-dən 22-dək Melburnda fəaliyyət göstərən Dikin Universitetində Azərbaycanın gənc qadın rəssamlarının – Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərlərindən ibarət sərgi təşkil olunub. Universitetin tələbə və müəllimləri sərgidə bu rəssamların “Qarabağ atları”, “Şuşa məscidi”, “Torpaq həsrəti”, “Xudafərin körpüsü”, “Xarı bülbül”, “Gözlərdə Qarabağ həsrəti” və s. adda rəsmləri ilə tanış olublar.
Eyni zamanda layihə çərçivəsində Dikin Universitetində Azərbaycan guşəsi də yaradılıb. Bu guşədə Azərbaycanın tarixi və mədəniyyəti, xüsusən Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi barədə geniş informasiya, habelə bu mövzuda kitab və broşüralar təqdim olunub. Həmin guşə uzun müddət universitetdə saxlanılacaq.
Sərgiyə gələnlərə Azərbaycan haqqında dolğun informasiya verən vərəqələr, “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanmış bukletlər, eləcə də erməni işğalını əyani göstərən xəritələr paylanılıb. Əsərləri Melburnda nümayiş olunan rəssam Nərminə Vəliyeva tədbirdə çıxış edərək bu cür mədəniyyət tədbirlərinin əhəmiyyətindən danışıb, layihənin gerçəkləşməsində xidməti olanlara təşəkkürünü bildirib.
Amerikalı şair və tədqiqatçı Əlison Məndəvil də təqdimat iştirakçıları qarşısında çıxış edib. O, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi layihələri yüksək dəyərləndirib.Tədbirdə Melburnda keçirilən sərgi barədə foto şəkillər, habelə sənədli film nümayiş olunub.
Teqlər: