Türkiyə kəskin kapital axını ilə üzləşib

Türkiyə kəskin kapital axını ilə üzləşib
  14 May 2024    Oxunub:907
Bu ilin mart ayında Türkiyədən kapital axını kəskin şəkildə artıb.
AzVision.az xəbər verir ki, bu prosesin ölkədə bələdiyyə seçkiləri ilə üst-üstə düşdüyünü qeyd edən“Bloomberg” agentliyi bir il əvvəl prezident seçkiləri ərəfəsində də ölkədən pul axını ilə bağlı yaranmış analoji vəziyyəti xatırladıb.

Bazar ertəsi açıqlanan ödəniş balansı məlumatlarına görə, xalis axın mart ayında təxminən 10 milyard dollar olub ki, bu da təqribən keçən ilin may ayındakı göstəriciyə bərabərdir. Kapital axını ölkənin Mərkəzi bankının ehtiyatlarını təxminən eyni məbləğdə azaldıb.

“Bloomberg”in hesabatında bələdiyyə seçkilərinin Türkiyədən pul axınına təkan verdiyi və səslərin hesablanmasından sonra milli valyutanın kəskin devalvasiya riski ilə bağlı narahatlıqların əks olunduğu vurğulanıb.

Bununla belə, prezident Rəcəb Tayyib Ərdoğanın partiyası Türkiyənin bəzi böyük şəhərlərində məğlubiyyətə uğrasa da, bələdiyyə seçkilərindən sonra lirə nisbətən sabit qalıb və dollarla müqayisədə 0,5% bahalaşıb.

Lakin möhkəm xarici valyuta və qızıl tez-tez iqtisadi qeyri-sabitlikdən narahat olan türklər üçün təhlükəsiz yatırım sığınacağı rolunu oynayır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   kapital  





Xəbər lenti