Hindistan Maldiv adalarından qoşunlarını çıxardı

   Hindistan Maldiv adalarından qoşunlarını çıxardı
  10 May 2024    Oxunub:942
Hindistan hərbi personalını Maldiv adalarından çıxarmağı başa çatdırıb.
Bu barədə Maldiv Prezident Administrasiyasının rəsmi nümayəndəsi Hina Valid bildirib. Onun sözlərinə görə, ölkədə yerləşən Hindistan əsgərlərinin sonuncu qrupu Maldiv adalarını tərk edib. O, ada ölkəsini tərk edən hindistanlı hərbçilərin sayını açıqlamayıb.

Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysvalın daha əvvəl bildirib ki, Maldiv adalarında Hindistan hərbi qulluqçuları texniki mütəxəssislərlə əvəzlənib. Onlar iki ədəd "Dhruv" helikopteri və Hindistan istehsalı olan bir ədəd "Dornier 228" təyyarəsi, eləcə də dəniz patrul gəmisi daxil olan aviasiya platformalarına qulluq edəcək.

Hindistan Xarici İşlər Nazirliyi bu avadanlıqların yerli əhaliyə yardım göstərmək üçün istifadə edildiyini vurğulayıb. Hindistan və Maldiv mediasına görə, ümumilikdə, Maldiv adalarında 80-dən 90-a qədər hindistanlı hərbçi var idi.

Hindistan və Maldiv adaları 1988-ci ildən müdafiə sahəsində əməkdaşlıq edir. Lakin ötən ilin payızında vəzifəsinin icrasına başlayan Maldiv adalarının hazırkı prezidenti Məhəmməd Muizzou seçki kampaniyasında Hindistan ordusunu ölkədən çıxaracağına söz vermişdi.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti