Putin və Paşinyanın görüşü Ermənistana nələr vəd edir?
Aydındır ki, Paşinyan "nə şiş yansın, nə kabab" taktikası ilə bir yandan ölkəsini Qərbin nəzərində "müstəqil" göstərməyə, digər yandan isə Rusiya ilə müsbət əlaqələri qorumağa çalışır. Baş nazirin Moskvaya səfəri ilə eyni gündə İrəvanın KTMT-ni maliyyələşdirilməyi dayandırması məhz bu siyasətin bariz nümunəsidir. Ermənistan belə bir qərarla, yəqin ki, Qərbə doğru siqnal ötürüb, "Rusiyanın təsirindən bir addım da qurtulmaq" istəyini diqqətə çatdırdı.
Hərçənd İrəvan iqtisadi asılılıq axtarışında faktiki maneələrlə üzləşir. Ekspertlər bildirirlər ki, Ermənistan ərazisində hələ də Rusiya qoşunları var, ölkənin enerji resursları və xarici ticarət dövriyyəsinin böyük hissəsi Moskvanın nəzarətindədir. Bütün bu amillər İrəvanın "tamamilə iqtisadi müstəqillik" arzusuna kölgə salır.
Ötən gün Putin və Paşinyanın görüşündə heç bir gərginlik əlaməti gözə dəyməsə də, danışıqların qızğın keçdiyi şübhəsizdir. Görüşün mehriban mühitdə baş tutması isə, bəlkə də, hər iki tərəfin status-kvonu saxlamaq istəyinin əlamətidir.
Həqiqətən də, son hadisələr Ermənistanın şərq və qərb maraqları arasında balansı qorumaq üçün oynadığı mürəkkəb oyun təəssürat bağışlayır.
Cari vəziyyət ölkə rəhbərliyindən təkcə diplomatik səriştə yox, həm də strateji fərasət tələb edir. Çünki atılası hər addım xarici siyasət mövqeyi ilə yanaşı daxili iqtisadi şəraiti də müəyyənləşdirir.
Ermənistan iqtisadi cəhətdən irəliləyiş göstərsə də, bu və ya digər tədbirlərlə Rusiyaya qarşı beynəlxalq sanksiyaların təsirlərini uğurla aradan qaldırsa da, vəziyyət hələ də qaranlıqdır. Əslində, sanksiyaya məruz qalan malların Rusiyaya ixracı Ermənistan iqtisadiyyatının gələcəyi üçün konkret risklər doğurur: Rusiyanın ticarət tərəfdaşı kimi Ermənistana da yeni sanksiyalar tətbiqi uzaq ehtimal deyil.
Eyni zamanda, sürətli iqtisadi artım şəraitində enerji istehlakının azalması İrəvanın iqtisadi siyasətinin davamlılığı və əsl motivləri cəhətdən suallar doğurur. Bu qəribə fenomen ya səmərəliliyin ciddi dərəcədə yaxşılaşmasının, yaxud sanksiyalara görə ticarət axınlarının yenidən bölüşdürülməsi kimi müvəqqəti amillərlə süni şəkildə böyüyən iqtisadiyyatın qeyri-möhkəmliyinin göstəricisidir.
İrəvanın KTMT-ni maliyyələşdirməyi dayandırması da həmçinin genişmiqyaslı nəticələr yarada bilər. Bu addım, bəlkə də, Qərblə münasibətləri gücləndirmək məqsədi daşısa da, Rusiyanın Ermənistana qarşı iqtisadi və hərbi öhdəliklərini yenidən gözdən keçirməsi istisna deyil. Nəticədə regionda qüvvələr balansının dəyişməsi qaçılmazdır.
Son hadisələr bir daha üzə çıxarır ki, Ermənistan müxtəlif xarici siyasət strategiyalarının kəsişməsində dayanır. Belə bir şəraitdə həm siyasi və hərbi təhlükəsizlik, həm də davamlı iqtisadi artım təminatı üçün Paşinyan və onun hökuməti təkcə beynəlxalq arenanı dərindən başa düşməklə kifayətlənməməli, eləcə də mütəmadi dəyişən geosiyasi reallıqlara uyğunlaşmağı bacarmalıdır.
İndi Ermənistanın gələcəyi öz milli kimliyini, iqtisadi müstəqillik arzusunu qorumaqla Şərq və Qərb maraqları arasında uğurlu manevr qabiliyyətindən asılıdır. Belə bir mürəkkəb vəzifədə Ermənistan rəhbərliyinin diplomatik uzaqgörənliklə yanaşı dəyişən dünyaya uyğunlaşan uğurlu strategiyaya ehtiyacı var.
Firudin Həmidli
AzVision.az
Teqlər: Rusiya Ermənistan