Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin görüşü baş tutacaq

Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin görüşü baş tutacaq
  23 Aprel 2024    Oxunub:547
Mayın 31-dən iyunun 2-dək Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin növbəti "Zirvə Görüşü" keçiriləcək.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc AzVision.az -a bildirib ki, tədbirdə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) prezidentlik səlahiyyətləri AQC sədri olaraq onun şəxsində Azərbaycana, vitse-prezidentlik səlahiyyətləri isə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçecinin timsalında Türkiyəyə ötürüləcək.

V.Oruc “Zirvə Görüşü”nə Rusiya, Belarus və digər ölkələrdən qiymətləndirmə birliklərinin rəhbərlərinin də qonaq qismində qatılacağını bildirib.

“Bakı Zirvəsi”ndə Azərbaycanın dövlət rəsmilərinin, millət vəkillərinin, ictimaiyyət xadimlərinin və kütləvi informasiya vasitələrinin də iştirak edəcəyini deyən AQC sədri tədbirə yüksək səviyyədə hazırlığın təmin olunması məqsədilə Təşkilat Komitəsinin təsis edildiyini söyləyib.

“Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbulundan və Azərbaycan Qiymətləndiricilər Palatasının formalaşmasından ciddi gözləntiləri olduğunu bəyan edən sədr rəhbəri olduğu cəmiyyətin bu prosesdə yaxından iştirak etdiyini qeyd edib. O əlavə edib ki, Qiymətləndiricilər Palatasını formalaşdırmaq üçün təsis olunan Təşkilat Komitəsinin fəaliyyətində də AQC yaxından iştirak edir:

“İstər Dövlət İmtahan Mərkəzinin təşkil edəcəyi imtahanlarda test bazasının hazırlanmasında, istərsə də yeni qanunun işlək mexanizmlərinin formalaşmasında fəal iştirak edirik. Eyni zamanda daşınmaz əmlakın qiymətləndirilməsi üzrə növbəti təlimə də start vermişik. Qaydalara müvafiq olaraq təlim iştirakçıları yekunda imtahanda iştirak edəcək və müvəfəqiyyət qazanan iştirakçılara sertifikatlar təqdim olunacaq”.

O vurğulayıb ki, Palatanı formalaşdırmaq üçün təsis olunan Təşkilat Komitəsinə müraciət qəbul olunub. Qiymətləndirmə subyektləri Təşkilat Komitəsindən onlara müqavilə əsasında fəaliyyət göstərən təsisatlarla əməkdaşlığın davam etdirilməsinə şərait yaradılması üçün bir il müddətində güzəşt tətbiq olunmasını xahiş ediblər.

V. Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin nəzdində Bank Ekspert Şurasının təsis edildiyi və hazırda hər bankdan bir nəfər olmaqla 11 bank rəsmisinin Şurada təmsil olunduğu barədə məlumat verib. O əlavə edib ki, gələcəkdə onların sayının artacağı gözlənilir.

AzVision.az


Teqlər: Azərbaycan   türk-dövlətləri   tədbir  





Xəbər lenti